Keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə davam edib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüququ varisi çıxışında bildirib ki, qızını S.Əliyev öldürüb: "Prokurorun çıxışı ilə razı deyiləm. Bu mənim qızım öldürüb. Onun qanı batır. Daha ağır cəza tələb edirəm".
Təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını, buna görə məhkəmədən vaxt tələb ediblər.
Məhkəmə mayın 31-də davam edəcək.
Qeyd edək ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib.
Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.
S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.
Onu da qeyd edək ki, istintaq zamanı Nəsimi rayon Məhkəməsində Samir Əliyevin həbs qətimkan tədbiri uzadılan zaman məhkəmə zalında özünü yandırmağa cəhd edib.