Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Sadiq Heybətov və Röyal Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olaraq, Nərimanov rayonu ərazisində Samir Qulubəyovun mənzilindən oğurluq ediblər.

Hadisə bu il yanvar ayında baş verib. Hər iki şəxs Nərimanov rayonu ərazisində 11 mərtəbəli binanın damından Samir Qulubəyovun 10-cu mərtəbədəki mənzilinə kəndirlə düşüblər.

Evin yataq otağından 4 min dollar, 30 min avro, qızıl zinət əşyaları və bir neçə xarici avtomobilin açarlarını götürüblər. S.Heybətov və R.Kərimov ümumilikdə 129 min manatlıq oğurluq ediblər. Əldə edilən məbləği də öz aralarında bölüblər.

Məhkəmədə hər iki şəxs elan edilən ittihamla özlərini təqsirli biliblər.

Təqsirləndirilən Sadiq Heybətov sərbəst ifadəsində mənzildən oğurluq etdiyini etiraf edib. O qeyd edib ki, Samir Qulubəyovla uşaqlıq dostudur və oğurluğu ehtiyac üzündən törədib.

S.Heybətov dostunun evindəki pulu təmir gedən zaman gördüyünü bildirib: "11-ci mərtəbədən düşdük. Pulu aramızda böləndən 6 gün sonra tutulduq".

S.Heybətov pulun bir hissəsini xərclədiklərini, qalan hissəsini isə təhvil verdiklərini deyib.

Digər təqsirləndirilən Röyal Kərimli də əməlindən peşman olduğunu deyib: "Ehtiyac olduğu üçün etmişəm. İşi yox idi. Məcbur qalıb etdik".

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərlə zərərçəkmiş arasında barışıq olub. Samir Qulubəyov dəymiş zərər ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətini geri götürüb.

Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham verilib.