"Şahdəniz-2 üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki "Şahdəniz müqavilə sahəsinə yola salınması mərasimi olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına "Şahdəniz Mərhələ 2 və "Cənub Qaz Dəhlizi layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər.
"Şahdəniz 2, "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biridir. Bu dəhliz ilk dəfə olaraq Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Bu nəhəng layihənin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri - "Şahdəniz Mərhələ 2 və "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri tamamlanmaq üzrədir və ilk qazın gələn ilə planlaşdırılan nəqli üçün qrafikə uyğun davam edir. Hazırda təchizat-tədarük, mühəndis-layihələndirmə və tikinti işləri də daxil olmaqla, ümumilikdə, bu layihələrin 92 faizdən çox hissəsi tamamlanıb, ümumi dəyəri 13 milyard dollar həcmində olan iri müqavilələr imzalanıb. "Şahdəniz Mərhələ 2 və "Cənub Qaz Dəhlizi layihələri üzrə indiyədək iştirakçı ölkələrdə 40 min yeni iş yeri açılıb. "Şahdəniz yatağı üzrə hesablanmış bütün ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən çoxdur. "Şahdəniz Mərhələ 1 çərçivəsində illik hasilat 10 milyard kubmetr qaz və təxminən gündə 50 min barrel kondensat təşkil edir. "Şahdəniz Mərhələ 1 üzrə hasil olunan qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql edilir. "Mərhələ 2 çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Bu layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr qaz isə Avropa alıcılarına çatdırılacaq.
"Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçıya ildə 16 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulur. İlk qazın nəqli Gürcüstan və Türkiyəyə gələn il, Avropaya isə 2020-ci ildə gözlənilir. "Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin 2036-cı ildən 2048-ci ilədək uzadılması "Şahdəniz yatağının dərin qatlarındakı ehtiyatların gələcəkdə mümkün işlənilməsi üçün yol açır. Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinin tikinti işləri qrafikə uyğun davam edir. Ümumilikdə, tikinti işlərinin və istismaravermə sınaqlarının 89 faizi artıq tamamlanıb. Boru kəmərinin hidro-sınaq işləri həm Azərbaycanda, həm də Gürcüstanda davam edir.
Onu da deyək ki, ilk dəfə olaraq "Şahdəniz 2 platformalarının tikintisi 100 faiz ölkə daxilində həyata keçirilir. Bu tikililərinin ümumi çəkisi 29200 ton təşkil edir və onlar 16500 boru qovşağından, 881 kilometr kabel xəttindən ibarətdir. Üst tikililərin quraşdırma işləri üç il ərzində tamamlanıb və son dərəcədə yüksək texniki təhlükəsizlik göstəriciləri ilə həyata keçirilib.
Prezident İlham Əliyevə məlumat verilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb. Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjına yüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi və quraşdırılması işləri diqqətlə planlaşdırılıb və bu işlərin 5 gün ərzində yekunlaşması nəzərdə tutulur. Üst tikililər artıq öz yerində - suyun 94 metr dərinliyində olan dayaq blokunun üzərinə quraşdırılacaq. Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir. Obyektin uzunluğu 100, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60 MVt olan dörd əsas elektrik generatorundan ibarətdir. Platformanın yaşayış blokunda işçilərin istirahəti üçün otaqlar, ofis otaqları, idman zalı yaradılıb. Burada neftçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün hərtərəfli şərait var.
AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilən yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə 5 min nəfərdən çox işçi cəlb edilib. İşçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub. Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng "Şahdəniz 2 layihəsinin uğurla, təhlükəsiz, büdcədən xeyli az vəsait xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir. Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililər çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə inşa edilib.
Prezident İlham Əliyev platforma ilə tanış olub.
Bu gün dünyada bir çox ölkələrdə dərin iqtisadi böhran yaşanır. Ölkələrin gəlirləri azalır, iqtisadi vəziyyətləri çətinləşir. Belə bir vaxtda Azərbaycan qlobal əhəmiyyətli mühüm layihələrə imza atır. Bu, dövlətimizin başçısının rəhbərliyi ilə yürüdülən siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müasir dövrdə belə qlobal və tarixi layihələri icra etməsi ölkəmizin gəlirlərinin artmasına, xalqın sosial-rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, ölkəmizdə neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, nəticədə iqtisadi potensialımızın daha da güclənməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, "qara qızıldan əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əsasını təşkil edir.
Sonra Prezident İlham Əliyev layihənin işçi heyəti ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz "Şahdəniz Mərhələ 2 üçün inşa olunan iki platformadan birinin üst tikililərinin dənizə yola salınmasını bildirən düyməni basıblar.
Sonda xatirə şəkli çəkdirilib.
***11:20
"Şahdəniz-2" üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki "Şahdəniz" müqavilə sahəsinə yola salınması mərasimi olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.