Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Prezident Administrasiyasında struktur dəyişikliyi edildi. Dəyişikliyə əsasən bir neçə müşavirlik ləğv olundu və prezident köməkçilərinin təyinatı baş tutdu.
Unikal.org aparılan struktur dəyişiklikləri ilə bağlı müxalif partiya rəhbərlərinin fikirlərini öyrənib.
Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Unikal.org-a açıqlamasında son dəyişikliləri müsbət qiymətləndirib: "Bu yeni idarəetmə mexanizminə keçiddir və müəyyən dərəcədə bir-birini təkrarlayan strukturların azaldılması və birləşdirilməsidir. Hesab edirəm ki, bu addım idarəetmədə daha effektli və daha çevik qərarların verilməsi, sənədlərin hazırlanması və icrası üçün vacibdir. Prezidentin müstəsna səlahiyyətində olan bir məsələdir. Hər halda, Fuad Ələsgərov kimi təcrübəli bir insanın prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi təyin olunması həm hərbi quruculuq, həm də hüquq mühafizə orqanları işi sahəsində ən vacib islahatların həyata keçirilməsi üçün faydalı olacaq.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: "İslahatlarla bağlı çoxdan qərar verilib. Prezident bütün istiqamətlərdə strateji yol xəritəsi təsdiq edib. Oradakı mühüm məqamlardan biri də qənaət rejiminə keçiddir. Hesab edirəm ki, bir-birini təkrarlayan, paralel strukturların qalması qanunauyğun deyildi. Ölkə başçısı doğru qərar verib. Düşünürəm ki, bu, aşağı strukturlara da tətbiq ediləcək. Nazirlər Kabinetinin özünün funksiyaları nəzərdən keçirilməlidir. Göründüyü qədər islahatların bütün səviyyələrdə aparılması digər nazirliklərə də şamil olunacaq. Xeyli sayda artıq ştatlar, yerli strukturlarda lazım olmayan qurumların ləğvi vacib idi. İslahatlara köklənmiş bir addımdır.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə: "Ümidvaram ki, bu dəyişikliklər əslində daha çox çeviklik yarada bilər və müvafiq istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün daha yığcam qüvvə ilə böyük işlər görməyin mümkünlüyünü ortaya qoyacaq. Təbii olaraq dəyişikliklərin müvafiq sistemin digər səviyyələrində də öz əksini tapacağına və daha yığcam məmur ordusu ilə idarəetmə sisteminin daha da çevikliyinin təmin olunacağına inanırıq.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: "Dövlət idarəetmə sistemində hər zaman islahatlar aparılmalıdır və bu vacibdir. Bunlar referendumdan sonra gözlənilən addımlardır və davamlı olmalıdır. Hesab edirəm ki, islahatlar, strukdur dəyişikliyi davam etdiriləcək.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: "Struktur və kadr dəyişikliyi davam etdirilməlidir. Heç bir irəliləyişə nail omamış admalar var idi ki, islahatlar onlara da şamil olunmalıdır.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: "Aparılan islahatlara Prezident Apartının dəyişikliyi və kadr islahatı kimi baxmaq olar. Referendum keçirilərək konstitusiyaya dəyişiklik edilib. İdrəetmə sistemi bu konstitusiyaya uyğunlaşmalıdır. Yəni, vitse-prezidentlər təyin olunmalıdır, ona paralel dövlət orqanları ləğv edilməlidir, yararsız kadrlar uzaqlaşdırılmalı və daha sədaqətli kadrlar gətirilməlidir. Bu addım da atılır.
H.Babayev