"Antiazərbaycan qüvvələr, o cümlədən erməni xüsusi xidmət orqanları və bir sıra qeyri-hökumət təşkilatları qanunsuz olaraq Gürcüstandan Azərbaycana keçən və qaçaqmalçılığa görə saxlanılan Əfqan Muxtarlının həbsi ətrafında siyasi şou yaradaraq Azərbaycanla Gürcüstan arasında münasibətlərin korlanmasına çalışır".
Unikal.org xəbər verir ki, bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, antiazərbaycan qüvvələr Ə.Muxtarlının jurnalist olduğu üçün həbs edildiyini iddia edərək onun həbsindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar: "Lakin onların bu cəhdləri heç bir nəticə verməyəcək, çünki Əfqan Muxtarlı sərhədi qanunsuz keçdiyinə və hüquq mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyinə görə həbs olunub".
Politoloq qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq mövcuddur: "Azərbaycanla Gürcüstan strateji tərəfdaşdır. Həm karbohidrat məhsullarının dünya bazarına çıxarılması, tranzit daşımaları, iri infrastruktur layihələrinin həyata keçirilməsində, istər Bakı-Tbilisi-Ceyhan, istərsə də Bakı-Tbilisi-Qars və bu kimi layihələrlə Azərbaycanla Gürcüstan arasında strateji əməkdaşlıq var. Ermənilər isə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüklərinə görə regionda keçirilən bütün irimiqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalırlar. Ermənilər bunu həzm edə bilmədikləri üçün çalışırlar ki, Azərbaycanla Gürcüstan arasında problem yaratsınlar. Bu məqamda Əfqan Muxtarlı məsələsindən də istifadə etməyə çalışırlar. Lakin onlar anlamırlar ki, buna heç bir siyasi don geydirmək və bundan hansısa məqsədlər üçün istifadə etmək mümkün deyil. Gürcüstan hakimiyyəti də bunu yaxşı anlayır və heç vaxt bu cür təxribatların baş tutmasına imkan verməz. Eyni zamanda bütün beynəlxalq norma və prinsiplərə uyğun olaraq iki dövlətin hüquq-mühafizə orqanları arasında bağlanan saziş və müqavilələrə əməl edilir".