Azərbaycan Rus İcmasının rəhbəri başda olmaqla, ölkənin rusdilli əhalisini birləşdirən bir sıra ictimai təşkilatların rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin bağlanması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıblar.
Unikal.org APA-ya istinadən xəbər verir ki, onlar Rusiya Ali Məhkəməsinin ÜAK-ın bağlanması ilə bağlı mayın 15-də çıxardığı qərardan ciddi narahatlıq ifadə ediblər: "Biz anlayırıq ki, bu qərar siyasi xarakter daşımır və iki ölkə arasında münasibətlərə heç cür mənfi təsir etməyəcək. Azərbaycanda yaşayan rusiyalı həmvətənlilər ölkənin ali rəhbərliyinin və bütün Azərbaycan cəmiyyətinin rus dilinin qorunması, millətlərimizin mədəniyyət və ənənələrinin dəstəklənməsi və inkişafı istiqamətindəki qayğıkeş münasibətini yüksək qiymətləndirir. Biz ölkələrimiz arasında mövcud olan münasibətlərdən çox məmnunuq. Onun əsasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənəsi, bir-birinin maraqlarına hörmət dayanır.
Müraciətdə bildirilir ki, son illər iki ölkə prezidenti arasında qarşılıqlı ehtiram, səmimiiyyət və etimad əlaqələri formalaşıb: "Biz ölkələrimizin inkişafına yönəlmiş daxili və xarici siyasəti, həmçinin iki ölkə arasında dost və qonşuluq münasibətlərinin inkişafı və dərinləşməsinə yönəlmiş siyasəti dəstəkləyirik. Əminik ki, Ümumrusiya Azərbaycan Konqresi hər zaman öz fəaliyyətini Rusiya qanunları çərçivəsində həyata keçirib. Rusiyada ictimai-siyasi sabitlik, ölkənin siyasi quruluşuna loyallıq təşkilatın fəaliyyətinin dəyişməz prioriteti olub. Ali Məhkəmənin qərarına dərin hörmətlə yanaşaraq sizdən xahiş edirik ki, məhkəmənin qərarının yumşaldılması və ÜAK-ın fəaliyyətindəki təşkilati və digər çatışmazlıqların aradan qaldırılması, yeni Nizamnamənin qəbuluna təkan verəcək növbədənkənar qurultayının çağırılması üçün imkan və zamanın verilməsinə köməklik göstərəsiniz.
Sənədi Azərbaycandakı Rus İcmasının sədri, Milli Məclisin üzvü Mixail Zabelin, "Sodrujestvo" Respublika Cəmiyyətinin, Rus Mədəniyyət Mərkəzinin, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyasının, Azərbaycan Rus Gəncliyi Assosiasiyasının, "Samur" Ləzgi Milli Mərkəzinin, Leninqrad Mühasirəsi İştirakçıları Assosiasiyasının, "Tuqan Tel" Tatar Mədəniyyət Cəmiyyətinin rəhbərləri, eləcə də Azərbaycan kazaklarının atamanı imzalayıblar.