Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkilləri Prezident Həsən Ruhaniyə məktub yazaraq, Təbriz Maşınqayırma zavodunun vəziyyətinə baxılmasını tələb ediblər.
Millət vəkilləri tərəfindən imzalanan məktubda deyilir:
"Maşınqayırma zavodu və onun törəmə təsisatı Təbrizdə önəmli yer tutan ağır sənaye müəssisəsidir və ölkə üzrə tanınmış ticarət markasıdır. Hazırda zavod verilən qərarlara görə qeyri-müəyyən şəraitdədir. Azərbaycan əhalisi və zavodun işçiləri sənaye müəssisəsinin özəl sektora ötürülməsindən nigarandır. Bu, istehsal sahəsinə ciddi ziyan vurub, əhali, xüsusilə də işçilər üçün bir çox problemlər yarada bilər.
İctimai Rifah, Əmək və Kooperasiya (təavun) Nazirliyinin nümayəndəsi Şərqi Azərbaycan millət vəkillərinin iclasında Əhalinin Sosial Müdafiəsi İdarəsinin tələbi əsasında zavodun özəl sektora ötürülməsi ilə bağlı razılıq əldə olunduğunu bildirdi. Xahiş olunur ki, İqtisadiyyat Nazirliyinə göstəriş verərək, qərarın icrasının qarşısını alasınız.
Məsələyə Əmək Koalisiyasının Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə də münasibət bildirib. O, Təbriz Maşınqayırma zavodunun proqramsız bir şəkildə özəl sektora ötürülməsi ilə bağlı yaranacaq problemləri xatırladaraq, bu barədə xəbərdarlıq edib və ölkə prezidentindən məsələyə müdaxilə etməsini istəyib.