Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri zamanı kən sakini Oqtay Həziyevin ailə üzvləri görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu gün ölkəmizin həyatında əlamətdar gündür, tarixi bir gündür. Bu gün Cocuq Mərcanlı kəndinin bərpası günüdür. Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə təbrik edirəm".
İlham Əliyev vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir:
"Siz - bu kənddə yaşayan insanlar bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır. Siz yaxşı bilirsiniz ki, Cocuq Mərcanlı kəndi cəmi bir neçə ay erməni işğalı altında qaldı. Bir neçə ay ərzində erməni işğalçı qüvvələri kəndi tamamilə dağıtmışdılar, bütün binaları sökmüşdülər. Yəni Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir".
Prezident xatırladıb ki, 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilmiş uğurlu "Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən, Cocuq Mərcanlı kəndi, Horadiz qəsəbəsi - hansı ki, bu gün Horadiz şəhəridir - işğaldan azad olundu:
"Ancaq burada yaşamaq riskli idi, təhlükəli idi. Buna baxmayaraq, Həziyevlər ailəsi burada yaşayıb. Keçən ilin aprelində erməni hərbi təxribatının qarşısı alarkən Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir".