"Görülən qətiyyətli cavab tədbirləri nəticəsində işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.
Unikal.org-un xəbərinə görə, bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir: "Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.
Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək".