""Qarabağ Araşdırmalar Mərkəzi"nin jurnalistlər üçün təşkil etdiyi kursun əsas məqsədi Azərbaycan jurnalistlərini ermənilərin 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı həyata keçirtdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin bütün detalları ilə tanış etməkdən ibarətdir. Hazırlıqsız jurnalist hazırlıqsız əsgər kimidir. Əsgər hərbi hazırlığı olmadan, vuracağı hədəfləri bəlli olmadan, düşmən mövqelərinin vəziyyətini bilmədən əsgəri borcunu nə qədər çətinliklə yerinə yetirirsə, jurnalist də yazdığı mövzunu, qarşıdakı hədəfləri və onlarla bağlı məlumatları təfsilatı ilə bilmədən o mövzu ətrafında geniş və obyektiv rəy formalaşdıra bilməz. Jurnalistin vəzifəsi mövcud hadisələrin baş vermə səbəblərini, şəraitini, nəticələrini, günahkarları, yaxud haqqı pozulanları müəyyən etmək və bununla bağlı məsələyə aydınlıq gətirməkdən ibarətdir. Azərbaycan mediasının aparıcı jurnalistlərini bu mövzu ilə bağlı seminarlara cəlb etməkdə isə məqsədimiz odur ki, jurnalistlər ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin tarixini yaxşı bilsinlər".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov "Qarabağ Araşdırmalar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında KİV nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələri" proqramı üzrə keçirilmiş elmi maarifləndirmə və təbliğat kursunun sonunda bildirib.
Kursda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti" mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisinin fikrincə, bu kurs jurnalistlərə onların gələcək fəaliyyətində bu sahədə konkret faktlarla çıxış etməyə kömək edəcək:
"Ümumilli lider Heydər Əliyev 1996-cı ildə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti ilə xüsusi bir sərəncam imzaladı. Bu sərəncamda ermənilərin 200 ildən artıq azərbaycanlılara qarşı həyata keçirdiyi bu siyasətin demək olar ki, bütün əsas məqamları, o cümlədən Azərbaycan xalqının bu hadisələri öyrənməsi, dünya ictimaiyyətinə çatdırması, soyqırımı qurbanlarının yad edildiyi tarixlər, 1918-ci il 31 mart qırğınları, 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyası, Xocalı soyqırımı, hələ lap əvvələ getsək, Gəncə Rusiya imperiyasına birləşdiriləndən sonra Rusiya-İran və Rusiya-Türkiyə müharibələri fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa, Naxçıvana və digər bölgələrə köçürülməsi, burada məskunlaşandan sonra Azərbaycan torpaqlarına göz dikməsi və onları azərbaycanlılardan təmizləyərək burada Ermənistan dövləti yaratması siyasəti, bu siyasətin qanlı hadisələrə rəvac verən hadisələrlə müşaiyət olunması, I Dünya müharibəsində məğlub olduqdan sonra Çar Rusiyası ordusu qoşunların Cənubi Qafqazda və Anadoluda qalması və burada azərbaycanlılara qarşı həyata keçirdiyi qanlı aksiyalar, ondan sonrakı dövrdə bu bölgədə azərbaycanlılara qarşı yürüdülən ədalətsiz siyasət və digər məsələlər yer alıb.
Erməni faktoru böyük imperiyaların əlində bir siyasi alət, silah idi və bu silahdan da zaman-zaman öz siyasətlərini reallaşdırmaq, öz geosiyasi məqsədlərinə, hədəflərinə çatmaq üçün istifadə ediblər. Amma çox təssüf ki, onların istifadə etdiyi bu silah və onun acı nəticələri Azərbaycan xalqının başında çatlayıb və Azərbaycan xalqına öz fəlakətlərini gətiribdir. Bu fonda 100 minə qədər azərbaycanlı etnik təmizləmə və soyqırımından əziyyət çəkib. Təkcə, 1918-1920-ci illərdə Bakı şəhərində 30 mindən artıq azərbaycanlı-müsəlman qətlə yetirildi. Həmin vaxt Azərbaycanın digər qəzalarında da insanlar həyatını itiriblər. Bundan əvvəlki dövrlərdə köçürmə fonunda azərbaycanlılar qətlə yetirilib, həlak olub və yaxud da ki, öz yaşayış yerlərini itiriblər. Rusiya-İran və Rusiya-Türkiyə müharibələri fonunda nə qədər Azərbaycan kəndləri boşaldılıb, onların yerinə ermənilər köçürülüb. Bununla bağlı yazılan kitablarda, mənbələrdə kifayət qədər tarixi faktlar var, onlar salnamələşdirilib, öyrənilib, ayrı-ayrı dillərdə təqdim olunubdur. Mən əminəm ki, bu kurslardan sonra işlədiyiniz KİV-lərdə bu mövzunu geniş işıqlandıracaqsınız. Bu zaman artıq konkret faktlardan çıxış edəcəksiniz".
Ə.Həsənov təəssüflə qeyd edib ki, hələ ki, Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilmək üçün ermənilərə ciddi təzyiq göstərən beynəlxalq təşkilatlar və ölkələr yoxdur:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsi artıq bütün dünya ictimaiyyətinə çatdırılıb. Dünyanın elə bir bölgəsi, elə bir regionu, elə bir guşəsi yoxdur ki, biz ora Dağlıq Qarabağ həqiqətlərini, münaqişənin təfsilatını, o cümlədən 200 ildən artıq müddətdə Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsas məsələlərini çatdırmayaq. Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövləti ötən müddətdə, xüsusən son 10 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, öz hücum diplomatiyasını həyata keçirib. Nəticə nədən ibarətdir? Əvvəla, 1992-ci ildə işğal faktı reallaşarkən 1993-cü ilin sonuna qədər Birləşmiş Millətlər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrin hər biri qeyri-şərtsiz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması, erməni qoşunlarının geri şəkilməsi, dinc əhalinin məskunlaşdırılması ilə bağlı tələb irəli sürüb və bu qətnamələr beynəlxalq hüququn əsas sənədləri kimi bu gün ortadadır. Ondan sonra demək olar ki, Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişəyə dəfələrlə baxılıb və münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeləri dəstəklənib. İlk növbədə İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istəyirəm. Bu təşkilat demək olar ki, bütün sammitlərində Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb, Azərbaycanın ərazilərinin işğal olunduğu faktını qeyd edib və ermənilərin bu torpaqlardan tezliklə çəkilməsini tələb edib. Qoşulmama Hərəkatı da birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həllinin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Digər təşkilatlar da - Avropa Şurası, ATƏT, Avropa Parlamenti, üzv olduğumuz və tərəfdaşlıq etdiyimiz NATO kimi digər qurumların əksəriyyəti Azərbaycan ərazilərinin işğal faktını tanıyıblar və ermənilərin bu torpaqlardan çıxarılmasını mütləq şəkildə qeyd ediblər. Lakin təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki çoxstandartlı bir vəziyyətində hələ ki, ermənilərə bu torpaqlardan geri çəkilmək üçün, işğal etdikləri əraziləri azad etmək üçün ciddi təzyiq göstərən beynəlxalq təşkilatlar və ölkələr yoxdur. Azərbaycanın dostlarının əksəriyyəti bu məsələdə birmənalı mövqe nümayiş etdirirlər. Bilirsiniz ki, Ermənistanı tanımayan, onunla diplomatik münasibətlər qurmayan bizim dostlarımız var. Onların arasında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin adını çəkmək olar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara mövqeyimizi qəbul etdirə bilmişik. Dünyanın bir çox dövlətləri, çoxsaylı vilayətlər, ştatlar, başqa hüquqi qurumlar Xocalı soyqırımını tanıyıblar. Biz bu siyasətimizi davam etdirəcəyik. O vaxta kimi davam etdirəcəyik ki, ermənilər öz qeyri-konstruktiv mövqelərindən əl çəkməyəcək, öz işğal siyasətindən imtina etməyəcək və Azərbaycan torpaqlarını işğaldan azad etməyəcəklər. İşğal altında olan torpaqlar azad olanandan sonra, bizim qaçqın-köçkünlər öz yurd-yuvalarına qayıdandan sonra, münaqişə bölgəsində tam sülh, sabitlik yaranandan sonra, əlbəttə, biz Ermənistanla da, digər qonşularla da münasibətlərimizi lazım olan səviyyədə davam etdirəcəyik. Hal-hazırda Azərbaycanın Ermənistan istisna olmaqla, bütün bölgə və dünya dövlətləri ilə çox yaxşı strateji və yaxud iqtisadi tərəfdaşlıq münasibətləri var. Bu tərəfdaşlıq münasibətlərindən istifadə edib, Azərbaycan dövlətini inkişaf etdiririk, Azərbaycan dövlətinin problemlərini həll edirik, Azərbaycan xalqının firavan həyatına nail oluruq".
Sonra kursda iştirak etmiş jurnalistlərə sertifikatlar və kitablar təqdim edilib.
Qeyd edək ki, jurnalistlər üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil edilən kurs iyunun 13-dən 19-dək davam edib. Kursda ölkənin aparıcı media qurumlarından 20 jurnalist iştirak edib.