Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı partlayışla bağlı açıqlama verilib.
Unikal.org xəbər verir ki, ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova APA-ya bildirib ki, Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan "MECHEM şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.
O qeyd edib ki, 19 aprel 2017-ci ildən etibarən indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.
"20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı - Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Onların həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur, - deyə S. Sərkərova bildirib.