Nəhayət, uzun müddətdir ki, tamaşaçıların maraqla izlədiyi sözlü-söhbətli, qalmaqallı "Maşın realiti şou yekunlaşdı. 17 gün davam edən gərgin mübarizənin qalibi isə qısa zaman kəsiyində məşhurlaşan aktyor İslam Mehrəliyev oldu.Böyük qalmaqalların baş verdiyi şou bitsə də, dedi-qodular, gəzən söz-söhbətlər səngimək bilmir ki, bilmir. Kimisi qalibin digər finalçı Elcan Rəsulovla öncədən razılığa gəldiyini, kimisi də bu verilişin əvvəlcədən ssenariləşdirilən bir şou olduğunu deyir.
Yarışmanın qalibi İslam Mehrəliyev bu haqda kaspi.az-a müsahibə verib.
Unikal.org həmin müsahibəni ixtisarla təqdim edir.
- Bu layihə ərəfəsindəsiz həm də ata oldunuz.
- Bəli, Məryəm adında qızım dünyaya gəldi. Bu hissi heç nə ilə əvəz etmək mümkün deyil.
- Hesab edirsinizmi qazandığınız maşın məhz dünyaya gələn övladınızın ruzisidir?
- Əlbəttə. Məryəm qızımla bərabər onun öz ruzisi də gəldi. Tanrı övladı göndərəndə, onunla bərabər ruzisini də göndərir. Yox yerdən Allah quluna göndərdiyi övlad payının bütün ehtiyaclarını yetirir.
- Şou zamanı bir çoxları orada baş verənlərin yalan və öncədən ssenariləşdirilmiş olduğunu dedi.
- Elə bir şey yoxdur. Veriliş zamanı deyirdilər ki, guya bütün yaşananların hamısı bir ssenaridir. Biz orada idik və bunun şahidi olduq. Vallah, billah belə bir şey olmayıb. Orada iştirak edən bu qədər sənətçilərə söz çatdırmaq olar? Onlara heç bir ssenari filan verilməyib. Bu, çox çətin bir şeydir. Orada hər ağızdan bir söz çıxır. Veriliş ərəfəsində şou haqqında min cür söz dedilər. Ancaq deyilənlərin hamısı yalandır.
- Şouya gedərkən inanırdınızmı ki, maşının sahibi siz olacaqsınız?
- Adətən yarışmalarda mənim bəxtim gətirir. İçimdə elə bir hiss var idi ki, bu maşın mənim olacaq. Ancaq bu elə bir yarışma idi ki, bir tərəfdən xalqın dəstəyi və SMS böyük rol oynayırdı. Final mərhələsinə qədər biz SMS-lərlə addımlayırdıq. Əslində inanmırdım ki, səs toplayaram və qalib gələrəm. Sonuncu dəfə Fərda Xudaverdiyev çıxıb mənim adımı verəndə heç inanmırdım ki, SMS-lərdə qalib gələ bilərəm. Veriliş zamanı kövrəlib ağlamağımın da səbəbi maşına görə yox, SMS-lərdə qalib gəlməyim, xalqın məni bu layihədə görmək istəyi və onların sevgisinə görə idi. Əslində bu sevgi məni çox kövrəltdi. Ona görə də gözyaşılarıma hakim ola bilmədim. Çoxları buna başqa cür don geyindirdi. Finala qədər gedib çıxdım, ondan sonrasını özümə borc bildim. Özümə söz verdim ki, əgər xalq məni dəstəkləyirsə, bu yarışmanın qalibi olmalıyam. İstəmədim desinlər ki, xalq onu dəstəklədi, ancaq qalib olmağa gücü çatmadı.
- Şou başlayarkən çox sakit və səssiz idiniz. Bu, qalmaqallardan uzaq qalmaq üçün sizin tərəfinizdən düşünülmüş bir taktika idimi?
- Mən real həyatda da söz-söhbətə qarışan biri deyiləm. Ancaq qəbul edirəm ki, səbirsiz bir insanam. Tez özündən çıxan biriyəm. Bir-iki dəfə susdum, sonra dözə bilmədim. Gördüm ki, adımdan çox istifadə edirlər. Onun üçün axırda partladım.
- Sonda iki nəfər, siz və Elcan Rəsulov finala qaldınız. Elcan necə rəqib idi?
- Elcan güclü rəqib idi. O, bu mübarizdə fiziki cəhətdən tab gətirə bilmədi. Ancaq insan kimi çox yaxşı biridir. Mən ona bundan sonrakı həyatında da uğurlar arzulayıram. Mən qalib olanda dedilər ki, guya Elcanla danışmışam, maşının pulunu ikimiz yarı-yarıya böləcəyik. Əslində elə bir şey yoxdur. Bölən olsaydıq, bunu əvvəlcədən bölərdik. Orada 41 saat mübarizə aparmazdıq. Özümüzü bu qədər əziyyətə salmazdıq.
- Şoudan əvvəl Oksana Rəsulova ilə yaxın dostluq münasibətiniz vardı. Sizcə, bu şouOksana ilə münasibətlərinizə bir xələl gətirdimi?
- Mən elə bir insanam ki, bu gün dalaşdığım biri ilə sabah salamlaşıb görüşə bilirəm. Kinli insan deyiləm. Gerisi artıq onlara qalıb. Heç kimlə düşmən deyiləm. Onlar istəsələr, görüşərik. Heç birindən incik deyiləm, küsməmişəm də. Ümumiyyətlə, küsmək kimi bir xasiyyətim yoxdur.
- Bir maşına görə sənət adamlarının bu qədər qəlb qırmağına dəyərdimi?
- Bu, şoudur, yarışdır, mübarizədir. Bu mübarizənin sonunda hədiyyə maşın olacaqdı. Sənətçilər məhz maşın üzündən mübarizə aparırdılar. Düzdür, veriliş boyu bir çox iştirakçılar bir-birilərinə heç də xoş söz demədilər. Bir-birilərinin sözlərini həzm edə bilmədilər. Dalaşanda elə dalaşmaq lazımdır ki, barışmağa yer qalsın. Orada heç kimlə o qədər də böyük intriqam olmadı. Veriliş boyu heç bir sənət dostumu söymədim, təhqir etmədim. Düzdür, çoxu mənim maşını qazanmağımı qəbul etmədi, edə bilmədi. Yenə də özləri bilərlər. Qoy, olsun. Mən onlara heç nə deyə bilmərəm. Allah hər kəsin ürəyinə görə versin.