Ermənistanda sement istehsalı sahəsi ağır böhrandadır.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, ötən ilin ortalarınadək sement ixrac edən Ermənistan indi idxaldan asılı vəziyyətə düşüb. Belə ki, Ermənistanın Dövlət Gömrük Xidmətinin rəsmi hesabatına görə, bu ilin aprelində Ermənistan vur-tut 30 kq sement ixrac edib.
Bu isə yarım kisə olmaqla yanaşı, son üç ildə Ermənistanda sement ixracının sürəkli, fasiləsiiz azalmasını göstərən proseslərin məntiqi nəticəsidir.
Ermənistanda sement istehsalı ilə "Razdan sement" və Ararat şəhərindəki zavod məşğul olur. Mayın 16-da "Razdan sement" debitor və kreditor borclarını ödəyə bilmədiyi üçün müflis elan olunub, Rusiyanın VTB bankının Ermənistandakı fiilialının nəzarətinə keçib.
2014-cü ilin yanvar-aprel aylarında Ermənistan 13500 ton sement ixrac etmişdisə, 2015-ci ilin müvafiq dövründə həmin rəqəm 3600 tona düşüb. 2016-cı ildə isə Ermənistandan sement ümumiyyətlə, ixrac olunmayıb.
Təbii ki, belə şəraitdə Ermənistanın sement idxalından asılılığı artıb. Hərgah 2014-cü ildə Ermənistan 7500 ton sement idxal etmişdisə, 2015-ci ildə bu rəqəm 12300 tona, 2016-cı ildə 30100 tona, bu ilin ilk 4 ayında 12700 tona çatıb.
10 marka portland tipli sement istehsal edən sabiq "Mika Sement", indiki "Razdan sement" ölkədə bütün strateji tikinti obyektlərini sementlə təmin etməklə yanaşı, Gürcüstana sement ixracında İrəvan üçün mühüm rol oynayırdı. Üstəlik, "Razdan sement" ildə 1 milyon ton klinker istehsal edir və yenə də bu məhsulun əsas hissəsini Gürcüstana satırdı.
Fəqət indi Gürcüstanın sement idxalında Azərbaycanla Türkiyə aparıcı rol oynadığından Ermənistan ixrac kanallarını və imkanlarını itirib.
Belə ki, Gürcüstana ildə 456,7 min ton sement ixrac edən Ermənistan mövqelərini güclü sayırdı. Lakin Gürcüstan bazarında Azərbaycanla Türkiyədə istehsal edilmiş sementin və klinkerin satışları, habelə çeşidləri artmağa başladığından ermənilər nə qiymət, nə də keyfiyyət baxımından rəqabətə dözə bilmədilər.
Ötən il Ermənistandan Gürcüstana 3700 ton sement ixrac olunmuşdusa, bu ilin ilk aylarında həmin rəqəm 0-a bərabər olub. Azərbaycan isə ötən il Gürcüstana 1,084 milyon ton sement ixrac edib. Ermənistan sement ixracatçısı statusunu itirib və İran sementindən asılı vəziyyətə düşüb.