Bakıda 22 yaşlı model Leyla Oruclunun əməliyyatdan sonra dünyasını dəyişməsi cəmiyyətdə böyük rezonans doğurub. Gənc qızın əməliyyatının iranlı cərrah Sirus Qoçqani tərəfindən həyata keçirildiyi iddia olunur.

Unikal.org xəbər verir ki, hazırda Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov sosial şəbəkədə adı çəkilən iranlı həmkarı haqqda maraqlı faktlar açıqlayıb. Onun sözlərinə görə zamanında Milana Hospitalının direktoru işləyərkən işində verdiyi nöqsanlara görə Sirus Qoçqanini hospitaldan qovalayıb:

"İranlı estetik cərrah Sirus Qoçqaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc və həm də model olan bir qızı əməliyyata alarkən, onun valdeynləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər, pula görə belə işlər görmək olmaz. Mən özüm Milana Hospitalda direktor olarkən Sirus Qoçqani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Belə şeylərə görə mən onu hospitaldan qovaladım. Doğrudur, sonra məni də qovaladılar. Ancaq mənim günahım yox idi. İndi yenə qayıtdım Leyla Şıxlinskaya Klinikasına. Burada da inanmıram çox qalım. Çünki köhnə şikayətçilər tökülüşüb gəlirlər. Sözümün canı budur ki, Sirus Qoçqani ildə az qala bir neçə nəfəri bu günə qoyur".

Qeyd edək ki, estetik cərrahı Sirus Qoçqani hazırda "Zəfəran Hospital"da fəaliyyət göstərir. Mətbuatda gənc qızın bu hospitalda əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, "azxeber.com"-un məlumatına görə 22 yaşlı Leylanın 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar. 

Məsələ ilə bağlı adı çəkilən həkimin də rəyini dərc etməyə hazırıq.