Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Xəzərdə batan iki nəfər balıqçını xilas edib.
Bu barədə Unikal.org-a DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, iyunun 29-da, saat 13:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib. Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və 1974-ci il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.
Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.