Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yerləşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.

BNA Əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq Agentlik ictimaiyyəti də bu işdə fəal əməkdaşlığa dəvət edir. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 Çağrı mərkəzinə məlumat vermələri xahiş edilir.