Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, xidmətin Baş İdarəsinin və 8 saylı cəzaçəkmə müəssisəsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.3, 66.5, 66.3, 204.1 və 67.1-ci maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Tağıyev Elçin Nurəddin oğlu ilə uzunmüddətli görüşə gəlmiş anası, Ucar şəhər sakini Tağıyeva Lalə Ata qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilib. Bu zaman əl çantasının cibinin astarında xüsusi üsulla gizlədilmiş 6.144 qram marixuana və 0,218 qram heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Qaradağ Rayon Polis İdarəsinə göndərilib.