Azərbaycanda cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı azalıb.
Unikal.org-un Trend-ə istinadən verdiyi məlumata görə, 2013-cü ildə Azərbaycanda cinayət törətmiş şəxslərin 3,5 faizi 14-18 yaşadək uşaqlar olsa da, 2015-ci ildə göstərici azalaraq, 2,9-a, 2016-cı ildə isə 2,7-ə enib.
1995-ci illə müqayisədə cinayət törədən uşaqların sayı demək olar ki, 2 dəfə azalıb. 1995-ci ildə ölkədə cinayət törətmiş 14-18 yaşadək uşaqların sayı 945 olduğu halda, 2000-ci ildə bu say azalaraq 573-ə enib. Cinayət törədən uşaqların sayı sonrakı illərdə də getdikcə azalıb. 2005-ci ildə bu rəqəm 554, 2010-cu ildə 439, 2015-ci ildə 477 olub. Ötən il Azərbaycanda cinayət törədən 14-18 yaşlı uşaqların sayı 442 nəfər olub. Keçən il törədilmiş cinayətlərə görə 261 uşaq məhkum edilib.
Cinayət törətmiş şəxslərin ümumi sayında törədilmiş cinayətlərin ayrı-ayrı növləri üzrə 14-18 yaşadək uşaqların xüsusi çəkisi fərqli olub.
Soyğunçuluqla bağlı törədilmiş cinayətlərin ümumi sayında 14-18 yaşadək uşaqların xüsusi çəkisi 9,4 faiz, oğurluq cinayətlərində 8,4 faiz, qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətlərin sayında 8,1 faiz, zorlama və zorlamağa cəhd etmə ilə bağlı cinayətlərdə 5 faiz, qəsdən adam öldürmə və adam öldürməyə cəhd etmə ilə bağlı cinayətlərdə 3,8 faiz təşkil edib.