"Mən bir neçə faktı Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirmişdir. Bu "referendumun keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır".
Unikal.org bildirir ki, bu fikirləri prezident İlham Əliyev İyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Dövlət başçısı deyib ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq:
"Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya "referendumu tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan "referendumu tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma "referendumun tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi".