Bakı şəhər prokurorluğu gənc samboçunun intihar etməsi ilə bağlı rəsmi məlumat yayıb.

Unikal.org-un  xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
R.Dünyamalıyevin meyitinin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasion şırımdan başqa hər hansı xəsarət aşkar olunmayıb. Hadisə yerinə baxış zamanı meyitin yanında aşkar edilmiş mərhuma məxsus "Samsung markalı mobil telefona baxış zamanı telefonun ismarıclar bölümündə fon şəkilində özünə qəsd edəcəyi ilə bağlı hamıdan üzr istəməsi barədə anası, bacısı, məşqçiləri və bibisinə ünvanlanmış müraciət müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb, məhkəmə-psixoloji eskpertizaları təyin edilib, R.Dünyamalıyevin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, R.Dünyamalıyev valideynləri və bacısı ilə birlikdə yaşadığı ünvanda səhər saatlarında evdə tək olmasından istifadə edərək intihar edib. Araşdırmalarla həmçinin müəyyən edilmişdir ki, sağlığında R.Dünyamalıyevlə amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmamış, eləcə də mərhumun hər hansı şəxsə borcu olmamışdır.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.