2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi açıqlanıb.
Unikal.org Sportnet.az-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos başçılıq edir.
O, "Bakı 2015" I Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.
Eyni zamanda qitənin 6 növ - atletika, stolüstü tennis, velosiped idmanı, cüdo, badminton və kanoe üzrə federasiyalarının prezidentləri komissiyada yer alıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə EOC rəsmiləri ilə birgə komissiyada təmsil olunacaq. O, siyahıya baş direktor kimi "Bakı 2015"in uğurla təşkilindəki aparıcı rolu ilə əlaqədar salınıb. EOC rəsmiləri isə hazırda qurumun prezidenti vəzifəsini icra edən Yanez Kosyançiç, baş katib Raffaele Panyotsi, xəzinədar Kikis Lazaridis və İcraiyyə Komitəsinin üzvü Mark Teyzendir.
A.Rəhimovun komissiya üzvü seçilməsi xəbərini baku.-ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib.
Eyni zamanda hazırlıq işlərinə ekspert və məsləhətçilər cəlb olunub.
Qeyd edək ki, II Avropa Oyunları 20 - 30 iyun 2019-cu ildə keçiriləcək.