Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyulun 1-15-də ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 116 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli "məcburi göstəriş verilib.
Ümumilikdə, 32 iş üzrə 19550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 6 iş üzrə 1470,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 193 iş üzrə 27631,35 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 16, məhkəmələrə isə 1 iş göndərilib.