AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Yardımlı arxeoloji ekspedisiyası" Yardımlı rayonu ərazisində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidələr aşkar edib.

Unikal.org xəbər verir ki, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, qazıntılar Sarıbulaq və ya Çiçəkli yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə salınmış çoxlu sayda qəbir abidələri müxtəlif struktura malik kurqanlar və daş qutu qəbirlərində aparılıb:

"Kurqanlarda apardığımız arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Güman edirik ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc - ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir. Eyni zamanda müəyyənləşdirdik ki, ərazidə 2 tip kurqanlar daş örtüklü kurqanlar və ətrafı kromlexli, dəfn kamerası isə daş qutu tipli kurqanlar mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu - I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) yarımköçəri həyat tərzi sürən insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır".

A.Ağalarzadə deyib ki, qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümükləri təyinatı və tarixi dəqiqlədirmək üçün müvafiq laboratoriyalara təqdim ediləcək.

Ekspedisiya rəhbəri əlavə edib ki, arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri aşkar edilib: "Bu yaşayış yerləri üzərində indi də müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur".