Sabah Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ də növbəti sınağına çıxacaq.

Premyer Liqanın vitse-çempionu Yunanıstan "Panatinaikosu ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa "Yagelloniyasının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayacaq. "Qırmızı-qaralar Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

İki il əvvəl də bu arenada uğur qazanan "Qəbələ çılğınlığı ilə ad çıxaran "Panatinaikos fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı - 2:2. İki ildə rəqiblərin heyətlərində ciddi islahatlar baş versə də, meydan sahibləri revanş, təmsilçimiz isə uğurunun ardını gətirmək arzusu ilə alışıb-yanır.

Ardıcıl 3-cü dəfə qrupa düşməyi hədəfləyən "qırmızı-qaralar bu istiqamətdə növbəti addımı atmaq üçün afinalıları keçməlidi. Daha güclü rəqiblərlə qarşılaşmaq ehtimalının olduğu pley-offa vəsiqə üçün cavab matçı öncəsi müsbət nəticə əldə edilməlidi. Zədə səbəbindən "Yagelloniya ilə qarşılaşmalarda çıxış etməyən Baqali Dabonun sıraya dönməsi də təmsilçimizin gücünə əlavə güc qatıb.

Qeyd edək ki, Afinadakı görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. "Panatinaikos (Yunanıstan) - "Qəbələ (Azərbaycan)
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. "Apostolos Nikolaidis stadionu