Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edib.
İzlədi və əxlaqsızlıq etdiyini öyrəndi
İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etməsi, mobil telefon vasitəsilə tanımadığı başqa kişilərlə danışmasını danışaraq, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.
Bundan sonra Rəfail bacısı Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, onun başqa kişilərlə danışması və görüşməsini aşkara çıxarmaq qərarına gəlib. Apardığı araşdırmalardan həqiqətəndə bacısının əxlaqsızlıq etməsini öyrənib.
Boşanma və köməklik vədi
Rəfail bacısının bu hərəkətlərinin özünü başıaşağı etməsi və nüfuzdan salması qənaətinə gəlib. O, məhkəmə yolu ilə bacısının rəsmi qaydada ərindən boşandıqdan sonra yaşadığı ər evindən mülkiyyət və ya istifadə hüququ almaq üçün Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd olunan evə qeydiyyata düşməsinə köməklik edəcəyinə söz verib.
"Hələ sən ağıllanmamısan"
Bu məqsədilə o, 21 yanvar 2017-ci il tarixdə bacısını müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib.
Rəfail Yolçuyev yanvarın 23-də, səhər saat 09 radələrində evdə heç kimin olmadığı bir vaxtda bacısı ilə söhbət etmək məqsədilə evin 1-ci mərtəbəsindəki yataq otağına daxil olub.
Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına "bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan", - deyə bildirib.
Qətl planı
Bu zaman Yasəmən qardaşına kobud tərzdə başqa kişilərlə münasibətinin şəxsi işi olduğunu bildirib. Bundan əsəbiləşən Rəfail Yolçuyev bacısından qisas almaq, onu boğmaqla öldürmək qərarına gəlib.
Rəfail Yolçuyev bu niyyətini həyata keçirmək məqsədilə çarpayının üzərində oturan Yasəmən Arzuxanovanın boğaz nahiyəsindən basaraq, onu kürəyi üstə çarpayıya uzadıb.
Daha sonra çıxaraq bacısının qarın nahiyəsinin üstündə oturub. O, bacısının əlindən telefonu alaraq yerə atıb və sonra hər iki əli ilə boğmağa çalışıb.
Namus üstündə bacısını boğdu
Yasəmən Arzuxanova hər iki əli ilə qardaşına fiziki müqavimət göstərib. Bunu görən Rəfail şkafın üstündə olan tül-sintetik materialdan hazırlanmış qadın baş yaylığını götürüb və altında çabalayan bacısını üzü üstə çevrib.
Rəfail sonra Yasəmən Arzuxanovanın bel nahiyəsində oturub və yaylığın bir tərəfini çarpayının başlığına bağladıqdan sonra digər hissəsini isə bacısının boynuna dolayıb. Sonra o, bacısını boğaraq öldürüb.
9 il cəza
Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Rəfail Yolçuyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib.
Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Rəfail Yolçuyevin apelyasiya şikayəti təmin edilməyib./Publika.az