İsti yay aylarında ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə daha çox rastlanan və narahatlıq yaradan problem tər qoxusudur. Tərləmənin normal bir hal olduğu deyilsə də, pis qoxu ətrafdakılar üçün sanki bir işgəncədir.
Unikal.org xəbər verir ki, tərləmənin hər hansı xəstəlik, ya da hormonal pozğunluqla əlaqəsi
yoxdur. Sadəcə həyəcan, stress kimi bəzi psixoloji hallarda daha da çox
yaşana bilər.
Qoltuqaltı tərləyərkən isə geyimdən görünən nəm və üstəlik pis qoxu
sıxıntı yaradır. Tərləmə əleyhinə istifadə edilən antipresperantlar isə o
qədər effektli deyil. Bəs nə edək?
Son vaxtlar tərləmə problemi olan insanlar kosmetoloqlara da müraciət
edirlər. "Kosmetoloqların tərləməyə nə aidiyyatı?", - deyə düşünə
bilərsiniz. Müasir dövrdə kosmetoloji mərkəzlərdə tərləmə əleyhinə
tətbiq edilən orijinal üsul botoks inyeksiyasıdır. Botoks inyeksiyası
tər vəzilərini iflic edir.
Milli.Az bildirir ki, həkim-kosmetoloq Xariqə Quliyeva ailem.az-a
açıqlamasında deyib ki, əhalinin 0.6-1%-i hiperhidroz xəstəliyindən
əziyyət çəkir. Hiperhidroz dərinin tər vəzilərinin hipersekresiyası
nəticəsində yaranan artıq tər ifrazıdır: "Bu gün yüksək tərlilik
problemləri botoks preparatının nöqtə mikroinyeksiyaları ilə müalicə
edilir. Bu sahədə əksər tər vəzilərinin işi bloklanır və faktiki olaraq
tərləmə dayandırılır. Beləliklə, qoltuqaltı, ovuc içi və ayaq pəncəsi,
hətta kürəkdə tərləmə problemini həll etmək olar".
Botoks inyeksiyasının tərləmə probleminə müvəqqəti də olsa çarə olduğunu
deyən X. Quliyevanın sözlərinə görə, inyeksiyanın təsiri 6 aydan sonra
keçir: "Prosedurda istifadə edilən preparat botulizm törədicisinin çox
zəif konsentrasiyasından alınır. Bu preparat kiçik sinir ucluqlarının
işini blokada edir və tər yaranma prosesi dayanır. Botoks inyeksiyasının
davamlı təsiri 6-9 ay ərzində qalır. Qoltuq altlarına tətbiq edilən
lazer, radiofrekans və liposaksiya zamanı tərləmə yenidən təkrarlana
bilər. Tərləmənin müvəqqəti müalicəsi üçün hər 6 aydan bir botoks
inyeksiyası etdirmək olar".
Terapevt Xəyyam Eyvazov bu üsulun hər hansı bir yan təsirə malik
olmadığını deyib: "Çox tərləyən insanlarda tərləmənin qarşısını almaq
üçün ən effektli üsul botoks inyeksiyasıdır. Heç bir yan təsiri yoxdur.
Sadəcə bu proseduru tətbiq etməzdən öncə gərək kosmetoloqlar şəxsin
sağlamlığına əmin olsunlar. Hər hansı infeksiya, göbələk xəstəliyi
varsa, proseduru etmək olmaz".