Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında və "Heyvanat aləminin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.
Unikal.org xəbər verir ki, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı "Sevinc kafesində qəfəsdə 2 şahin və 1 qırqovul quşlarının saxlanıldığı aşkar edilib. Araşdırma zamanı quşların vəhşi təbiətdən qanunsuz götürülərək saxlanıldığı məlum olub. Faktla bağlı kafenin inzibatçısı Hafiz Behdiyev barəsində protokol tərtib edilib.
İnzibati xəta törətdiyinə görə H.Behdiyev 500 manat məbləğində cərimə olunub və quşlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quşlar baytar həkimlərin nəzarəti altında müayinə olunaraq reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.