İran parlamentinin Bicardan seçilmiş deputatı Həmdulla Kərimi həyat yoldaşını təhqir edən polis əməkdaşını təpik altına salaraq kəllə zərbəsi ilə onun burnunu sındırıb.
Unikal.org xəbər verir ki, Tehranın Mehrabad hava limanından Bicar şəhərinə uçmaq istəyən və şəxsi avtomobilində xanımı ilə birlikdə aeroportun özəl məntəqəsinə daxil olmağa çalışan deputatı polis əməkdaşı dayandıraraq ondan kimlik tələb edib. Üzərində kimlik sənədinin olmadığını bildirən Həmdulla Kərimi, deputat olduğunu bildirərək yoluna davam etdirmək istəsə də, polis onun avtomobilini dayandıraraq hava limanının özəl məntəqəsinə daxil olmasına mane olub.
Nəticədə, deputat xanımı ilə xudahafizləşdikdən sonra avtomobilindən düşərək hava limanı terminalına qədər piyada getmək məcburiyyətində qalıb. Lakin az sonra Həmdulla Kəriminin xanımı ona zəng vuraraq həmin polisin onu təhqir edib söydüyünü və avtomobilin hava limanından çıxmasına mane olduğunu bildirib. Bunu eşidən deputat geriyə qayıdaraq polislə əlbəyaxa olub və onu təpik altına salıb. Polis əməkdaşına kəllə atan deputat onun burnunu sındırdıqdan sonra təyyarəyə minərək Bicara uçub. Hadisədən bir neçə saat sonra jurnalistlərə açıqlama verən deputat, namusunu qorumaq üçün polis əməkdaşını tənbeh etdiyini açıqlayıb.
Deputatın bu hərəkətini kəskin pisləyən Tehran hüquq-mühafizə qüvvələrinin rəsmiləri ona qarşı cinayət işi açıldığını bildiriblər.