Bakının Binəqədi rayonunda yerləşən məşhur Ayna Sultanova parkı 4 ilə yaxındır ki, təmirə bağlanıb. Atatürk prospektində yerləşən kiçik parkın illərlə uzanan "təmiri" yaxınlıqda yaşayan sakinləri boğaza yığıb. Şikayətçilərin virtualaz.org-a bildirdiyinə görə, təmir adı ilə müvəqqəti bağlanan parkda illərdir heç bir bərpa işi aparılmır. Əksinə, susuzluqdan zəhmətlə əkilib böyütdükləri ağaclar da quruyub məhv olur.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, indi Ataürk prospektində yaşayan sakinlərin əksəriyyəti Ayna Sultanova parkının yaxınlığında yerləşən kiçik yaşıllıq sahədə dincəlir. Dörd tərəfdən avtomobil yolu ilə əhatə olunan yer isə o qədər kiçikdir ki, orada ancaq yaşlı sakinlər özlərinə domino və nərd oynamaq üçün masalar yerləşdirə biliblər. Ərazidə piyada yerimək və ya uşaqları gəzdirmək mümkün deyil.

"Özümüz yığışıb oturmağa yer düzəltmişdik, əvvəlcə onu sökdülər. Sonra parkı bağladılar. Buranı bağlayanda dedilər müvəqqəti bağlayırıq, Avropa Oyunlarına qədər təmir edəcəyik. Biz də sevindik ki, nə yaxşı, rahat dincələ biləcəyik. Amma bizi aldatdılar, yanvarda o müvəqqəti bağlanmanın 4 ili tamam olacaq. İş burasındadır ki, heç bir təmir işi aparılmır. Bizdə olan məlumata görə, ərazini iş adamlarına satıblar və orada restoran tikiləcək", - deyə şəhər sakini Telman Əliyev bildirir.

Ya maşın vurub öldürür, ya da ayaqları tutulur...

Parkda dincəlmək hüququndan məhrum olunmuş digər sakin Saleh Abdullayev isə deyir ki, hasarı açsalar, bu ərazidə yaşayan sakinlər öz vəsaitləri hesabına parkı təmir edərlər: "Hasarı açsalar, özümüz yığışıb oranı təmir edərik. Neçə illərdir istirahət etməyə yerimiz yoxdur. Hamımız yaşlı, xəstə adamlarıq. Bu parkda gəzirdik, dincəlirdik, parkı bağlayandan neçə nəfərin ayaqları tutulub. Çünki gəzməyə yer yoxdur. Neçə ahıl şəxsi bu 4 il ərzində parkın qırağında maşın vurub öldürüb. Çünki gəzməyə yer yoxdur. Onlar da məcbur olub parkın kənarında - avtomobil yolunun qırağında gəzirlər. Camaata niyə belə zülm edirlər axı?"

Sakinlər deyir ki, parkda olan iri gövdəli ağaclar dörd ildir ki, susuzluqdan yanır. Nəinki parkdakı, hətta yaxınlıqdakı sakinlərin yığışdığı kiçik yaşıllıq sahəsində belə ağacları suvaran yoxdur. Sakinlər bizə qurumuş ağacları və onlarla təzad təşkil edən yolun qırağındakı yaşıl təpələri göstərirlər: "Özünüz baxın, burada iri ağaclar susuzluqdan quruyur, baxan yoxdur. Amma gətirib o yolun qırağında düzəltdikləri təpəni su maşını ilə suvarıb gedirlər. Parkın içərisində qəşəng qırmızı meyvələr gətirən çaytikanı bitkiləri var idi, hamısı susuzluqdan qurudu", - deyə sakinlər bildirir.

Şikayətçilər deyirlər ki, bura dincəlməyə gələnlərin əksəriyyəti veteran və xəstə insanlardır. İstirahət etməyə başqa yerləri olmadığından, dəfələrlə Binəqədi Rayon Icra Hakimiyyətinə rəsmi müraciət ediblər: "Mən özüm Qarabağ əliliyəm, xəstə adamam. Buradakıların çoxu mənim kimi müharibə veteranıdır. Bizə dincəlməyə yer lazımdır. Parka nə qədər xərc lazımdır ki? Bunu elə imkanlı adamlardan kimə desələr, təmir edər. Mən özüm dəfələrlə Mənzil-İstismar Sahəsinə, İcra Hakimiyyətinə, sahə müvəkkilinə şikayət etmişəm. Axırıncı dəfə 5 ay əvvəl ağsaqqallar yığışıb Binəqədi Rayon İcra Hakimiyyətinə getmişik. Dedilər yaxın günlərdə probleminizi həll edəcəyik. Amma hələ də xəbər yoxdur...", - deyə Qarabağ əlili Cəmil Abbasov bildirir.

Parkın ağacları susuzluqdan quruyur

Sakinlər deyir ki, hər ağacı kəsməyə görə 5-7 min manat cərimə edirlər, amma burada park məhv edilir, heç kim dinmir.

Sakinlərin şikayətləri ilə bağlı şənbə günü, yəni qeyri-iş günü olduğundan Binəqədi Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Xatırladaq ki, Ayna Sultanova parkının təmir olunması ilə bağlı Icra Hakimiyyətinin saytında hələ 2014-cü ildə məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, istifadəyə verildiyi müddətdən indiyə kimi heç bir bərpa işləri aparılmayan park ən müasir standartlara uyğun yenidən qurulur: "Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Bütün görülən işlər memarlığın yeni elementləri tətbiq edilməklə həyata keçirilir. Eyni zamanda, sakinlərin nəzərinə çatdırılır ki, parkın planlaşdırılan təmiri zamanı Ayna Sultanovanın heykəlinin götürülməsi nəzərdə tutulmayıb", - deyə məlumatda bildirilir.