Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda velisopedçinin ölümü ilə bağlı birgə məlumat yayıb.
Unikal.org-un xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi "Kia Cadenza markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi BMW markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanıb. A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Fakta görə Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və cinayəti törətməkdə şübhəli bilinən Nicat Quliyev avqustun 9-da tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
N.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.