Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirib.
Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub.
Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq olunub.
Qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və R.Bağırov barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.