Hindistanın Bakıdakı səfirliyində Hindistanın müstəqilliyinin 70-ci ildönümü qeyd edilib.
Səfirlikdən Unikal.org-a verilən məlumata görə, mərasim səfir Sanjay Rana tərəfindən bayrağın qaldırılması ilə başlayıb, daha sonra Hindistanın himni səslənib.
Səfir Hindistan Prezidentinin Müstəqillik Günü ərəfəsində xalqa müraciətini oxuyub.
Müraciətdə Prezident Ram Nath Kovind Hindistan azadlıq mübarizəçiləri və müasir Hindistanın böyük xadimlərinin fədakarlıqlarını xatırladıb. O, Hindistan xalqını azadlıq mübarizəsindən ruhlanmağa və 2022-ci ilədək -˜Yeni Hindistan-˜ yaratmağa çağırıb. O, hər bir kəsin mənzil, elektrik enerjisi və su ilə təmin olunacağı və öz arzularını reallaşdırmaq üçün geniş imkanlar əldə edəcəyi; terrorizm, korrupsiya və cəmiyyətin təbəqələşməsindən azad, təmiz və sağlam Hindistan olacağı Yeni Hindistan üçün səsləyib.
Səfirlikdə təşkil olunan tədbirdə Azərbaycanda yaşayan Hindistan vətəndaşları və onların ailə üzvləri, Azərbaycan vətəndaşları, Azərbaycan Dillər Universitetinin Hindistan Mərkəzinin tələbələri və Hindistanın dostları iştirak edib.
Səfir Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətlərinin mövcud olduğunu və əməkdaşlığın iqtisadi, siyasi, sosial, humanitar, mədəniyyət və təhsil kimi bütün sahələrdə gündən-günə möhkəmləndiyini qeyd edib. 1991-ci ildə Hindistan Azərbaycanı müstəqil respublika olaraq tanıyan ilk ölkələr arasında idi. Bu il Hindistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini Hindistan-Azərbaycan 'Dostluq Festival'-ı çərçivəsində hər iki ölkədə təşkil olunan bir sıra mədəni tədbirlərlə qeyd edir.
İkitərəfli ticarətin həcmi 63 faizdən çox artıb. Hindistan azərbaycanlı tələbə və mütəxxəsislər üçün təlim imkanları təklif edir; həm Hindistan, həm də Azərbaycandan olan tələbələr getdikcə daha çox bir-birinin ölkəsində təhsil almağa çalışır.
Səfir Rana qeyd edib ki, AZPROMO-nun rəhbəri Rüfət Məmmədovla aparılan son müzakirələrdə iki tərəf kənd təsərrüfatı və kənd təsərrüfatı məhsulları, əczaçılıq və səhiyyə, neft və qaz sektorunun təchizatı, emal, modernləşdirmə və genişləndirmə, müvafiq alt/kimya sənayeləri, biznes üçün İT xidmətləri də daxil olmaqla İKT, turizm və otelçilik sahələrində ikitərəfli əməkdaşlığın artırılması imkanlarını müzakirə edib. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) və iki ölkə arasında uçuşların qarşlılıqlı fayda üçün əlaqəni daha da artıracağı və insan, əmtəə və xidmətlər mübadiləsini təşviq edəcəyi qeyd olunub.