Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası, 8 enerji blokundan ibarət, ümumi gücü 2400 meqavat (MVt) olan və "Azərenerji ASC-nin ən böyük müəssisəsi sayılan "Azərbaycan İES-də enerji bloklarının və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması, eləcə də müəssisənin qarşıdakı payız-qış mövsümünə hazırlığının təmin edilməsi məqsədilə hər il olduğu kimi, bu il də kompleks tədbirlər həyata keçirilir.
"Azərenerji ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, konfiqurasiya sisteminin texniki tələblərinə uyğun aparılan profilaktik yoxlama və sınaq-sazlama işləri nəticəsində stansiyanın dayanıqlı və qənaətli iş rejimi təmin edilir, elektrik enerjisi istehsalı dispetçer yük qrafikinə uyğun aparılır, əməliyyat heyəti tərəfindən avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirə biləcək qəza və imtina hallarına yol verilmir.
Müəssisədə bu ilin yeddi ayının texniki-iqtisadi göstəricilər üzrə proqnoz tapşırıqları tam həcmdə yerinə yetirilib. Həmin müddətdə stansiyada 4,6 milyard kilovat-saata yaxın, təkcə iyul ayında isə 873 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib.
Ümumiyyətlə, stansiyanın ilk enerji bloku işə düşdüyü 1981-ci ilin dekabr ayından indiyədək burada 300 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Hazırda stansiyanın yanacaq-nəqliyyat sexində genişləndirmə işləri aparılır, daha 6 ədəd mazut çəni inşa edilir. Beləliklə, mazut ehtiyatının saxlandığı çənlərin sayı 18-ə çatdırılacaqdır.
Bundan başqa, 500 kV-lik Açıq Paylayıcı Quruluşda da yeni texnologiyalar tətbiq edilməklə yenidənqurma işlərinə başlanılıb.