Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistan Respublikasının paytaxtı Qroznıda hollandiyalı Errol Tsimmerman üzərində inamlı qələbə qazanıb.

Tanınmış idmançımız döyüşdən sonra dsport.az saytına müsahibə verib.

 Unikal.org  həmin müsahibəni təqdim edir:

- Hollandiyalı rəqiblə görüşdə qələbə qazanmaqla revanş aldınız. 2008-ci ildə Avropa qran prisinin finalında hakimlər qələbəni Hollandiya idmançısına vermişdi. Demək olar ki, revanş baş tutdu?

- 9 il əvvəl fərqli döyüş olmuşdu. Əminliklə deyirəm ki, o vaxt uduzmadım. Sadəcə, hakimlər qələbəni rəqibə verdi. Biz etiraz etsək də, xeyrimizə olmadı. Halbuki görüşü yüksək səviyyədə keçirmişdim. Ona görə əsas məqsədimiz qalib gəlmək idi. Son illər ancaq revanş haqqında düşünürdüm.

- Errol Tsimmerman indi və 9 il əvvəl... Hansı görüşdə daha güclü idi?

- İndi daha güclü idi. Məndən 20 kq ağır olması nəticəyə təsirsiz ötüşmədi. Üstəlik, məndən cavandı. Ona görə çətin görüş oldu. Xal hesabına sonda qalib elan olundum. Fürsətdən istifadə edərək, mənə dəstək olan bütün insanlara təşəkkür edirəm.

- Zabit Səmədovun növbəti görüşü nə vaxt olacaq?

- Hazırda istirahət barədə düşünürəm. İki həftə dincəlmək istərdim. Ardınca növbəti görüşlər barədə müzakirələr olacaq. Menecerimin sözlərinə görə, Türkiyə, BƏƏ-də turnirlərdə iştirak variantları var. Amma növbəti görüşümü Bakıda keçirmək istəyirəm. Doğma azarkeşlərimiz üçün darıxmışam.

- Görüşün Azərbaycanda təşkil olunması üçün nə lazımdı?

- Müəyyən insanlar kömək edəcəyini bildirib. Hazırda dəqiq fikir söyləmək düzgün olmaz. Lakin Bakıda güclü idmançıların iştirakıyla turnirin keçirilməsi müzakirə olunur. Bakıda çıxış etmək həmişə xoşdu.

- Yenidən əslən mərakeşli Badr Hariylə rinqdə görüşün gözlənilirmi?

- Badr Hariylə son dəfə görüşümüz zamanı bir sıra məsələlərdən danışdıq. Amma görüş barədə söhbət olmadı. Hazırda hər ikimiz "Ahmat" klubunun üzvüyük. Badr Hari kimi güclü idmançılardan təkliflər var.

- Adətən müəyyən yaşdan sonra idmançılar döyüşməyin çətin olduğunu söyləyir. Son görüşün çətin olduğunu söylədin. Bunun yaşla əlaqəsi var?

- İdmançının yaşı artdıqca təcrübəsi çoxalır. Daha çox məşq etmək lazımdı. Son görüşdə rəqib məni yaxşı öyrənmişdi. Ona görə çətin oldu. Nə vaxt yorğunluq hiss etsəm, açıq söylərəm. Hazırda gücüm var, ona görə karyeramı davam etdirəcəm.