Bakıda aeroport yolunun bir hissəsində qısa işıq dirəkləri quraşdırılıb. Milli Aviasiya Akademiyasının tələbə şəhərciyi yaxınlığında quraşdırılan 17 qısa işıq dirəyi yoldan keçən bütün sürücülərin marağına səbəb olub.
Unikal.org Baku.ws-ə sitinadən xəbər verir kİ, onsuz da standart işıq dirəkləri 4 zolaqlı yolu tam işıqlandırmır. Adətən yolun kənarındakı zolaq qaranlıq qalır. İndiki qısa işıq dirəkləri isə yolun yalnız birinci və ikinci zolağını işıqlandırır. Nəticədə, yolun tam işıqlanmaması sürətli yolda böyük qəzaların baş verməsinə zəmin yaradır.
Ölkədə qəzaların sayının azaldılması üçün DYP əməkdaşları mütəmadi reydlər keçirir, Bakı Nəqliyyat Agentliyi tədbirlər görür. Bununla yanaşı, digər qurumlar da maarifləndirici tədbirlər həyata keçirir. Ancaq bəzi qurumlar üzərinə düşən məsuliyyəti yetərincə yerinə yetirmədiyi üçün sonda xoşagəlməz hallar qaçılmaz olur. Xırda problem kimi görünsə də bu cür balaca detallar dəhşətli qəzaların yaranmasına gətirib çıxarır.
Təkcə bu ilin ilk günündən (yanvarın 1-dən) avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu hadisələr nəticəsində 110 ölüm, 340 xəsarət baş verib. Hadisələrin 32 faizi sürət həddinin aşılması səbəbindən baş verib. 62 faiz qəzalar isə piyadaların vurulması ilə nəticələnib. Oxuduğumuz bu dəhşətli rəqəmlər müharibədə verilən itkilər deyil. Yol qəzalarının qarşısını almaq üçün hər bir qurum üzərinə düşən tədbirləri görməlidir. Hər bir məmur vətəndaş kimi düşünməli, özünün və vətəndaşlarının təhlükəsizliyini nəzərə almalıdır. Əks halda hər gün birimiz qəzaların qurbanı olacağıq.