Lənkəranda mövcud çay plantasiyaları 1000 hektara çatdırılacaq.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov deyib:
O qeyd edib: "Möhtərəm cənab Prezident. İcazə verin, Sizi Lənkəran ictimaiyyəti adından salamlayım və "Xoş gəlmisiniz deyim. Cənab Prezident, son illərdə Sizin diqqət və qayğınız nəticəsində qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Bir il ərzində pambıq, tütün, fındıq, barama, bu gün isə çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı Dövlət proqramlarının qəbulu Sizin də qeyd etdiyiniz kimi, aqrar sahədə böyük dəyişikliklərə səbəb olub. Bu dövr Azərbaycanın müasir tarixində inqilabi dönüş illəri kimi qalacaq. Aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub. Sizin aqrar sahənin inkişafı ilə bağlı tapşırığınıza uyğun olaraq digər bölgələrdə olduğu kimi, rayonumuzda da lazımi işlər görülür. Yerlərdə maarifləndirici tədbirlər keçirilir, mülkiyyət formasından asılı olmayaraq torpaq sahələrindən istifadə vəziyyəti öyrənilir.
Cənab Prezident, 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin diqqəti və qayğısı sayəsində Lənkəran sürətlə inkişaf edərək aqrar-sənaye rayonuna çevrilib. Həmin dövrdən başlayaraq rayonumuzun simvolu sayılan çayçılıq aparıcı sahə olub. Ulu Öndərin xeyir-duası ilə tutumu 52 milyon kubmetr olan Yuxarı Xanbulançay dəryaçasının istifadəyə verilməsi rayonda əkin sahələrinin, o cümlədən çay plantasiyalarının genişlənməsinə, məhsul istehsalının artımına və 30 mindən çox sakinin daimi işlə təmin edilməsinə səbəb olub. Plantasiyalardan yığılan 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunub ki, bu da respublikada o dövrdə çaya olan tələbatın 50 faizini təşkil edib. Əldə olunan gəlirlər minlərlə ailənin yaşayış səviyyəsinin yaxşılaşmasına, qəsəbə və kəndlərin abadlaşmasına sərf edilib.
T.Qaraşov əlavə edib: "Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində bütün sahələr kimi çayçılıq da tənəzzülə uğramış, baxımsızlıqdan sıradan çıxmışdı. Sizin aqrar sektora olan diqqətiniz, digər sahələrdə olduğu kimi, çayçılığın da inkişafına böyük təkan verib. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, onun da 456 hektarı yeni salınmış plantasiyalardır. Məhsul verən 214 hektar sahədən 102 hektarı son illərdə salınan ərazilərdir. Keçən il rayonda 313 ton yaşıl çay yarpağı istehsal olunub, 3 milyon manat gəlir əldə edilib.
Cənab Prezident, Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycanın çay ixrac edən ölkə olmaqla yanaşı, həm də çay istehsalı üçün xammal idxal edən ölkə olduğunu diqqətə çatdırdınız və bunun üçün yeni çay plantasiyalarının salınmasını, müasir texnologiyaların tətbiqini tövsiyə etdiniz. Tövsiyənizi əldə rəhbər tutan sahibkarlar və fermerlər mövcud çay plantasiyalarını yaxın gələcəkdə 1000 hektara çatdırmağı və 4 min daimi iş yeri açmağı qarşıya məqsəd qoyublar. Əgər müasir tinglilik təsərrüfatı yaradılarsa, xüsusi təyinatlı texnikalar və müasir suvarma avadanlıqları gətirilərək lizinq yolu ilə fermerlərə verilərsə, əlavə çay plantasiyası salmaq və daha çox iş yeri yaratmaq mümkündür.
Cənab Prezident, Lənkəranda sitrus bağlarının kütləvi şəkildə salınmasına ötən əsrin 70-ci illərindən başlanılmışdır. Həmin illərdə dövlət və şəxsi təsərrüfatlarda feyxoa, limon, naringi, portağal bağları salınıb və min tonlarla məhsul yığılıb. Tənəzzül illərində digər sahələr kimi, bu sahəyə də diqqət azalıb, plantasiyaların çoxu baxımsızlıqdan sıradan çıxıb. Sizin kənd təsərrüfatının inkişafına verdiyiniz dəstək digər sahələr kimi, subtropik və sitrus meyvəçiliyinin inkişafına marağı qat-qat artırıb. 2015-ci ildən başlayaraq "Gilan Orchards MMC tərəfindən Koreya Respublikasından gətirilmiş hallobonq sitrus meyvə ağacları 100 hektar sahədə əkilib. Hazırda sitrus bağlarının ümumi ərazisi 1228 hektar, burada çalışan işçilərin sayı 2700 nəfərdir. Ötən il yığılmış 12,8 min ton məhsul ölkəmizin və Rusiyanın bazarlarına çıxarılıb.
Cənab Prezident, çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olub. Ötən əsrin 60-cı illərinədək Lənkəranda becərilmiş "Haşimi, "Həsəni, "Ənbərbu, "Qırmızı Əmbərbu, "Çampo, "Sədri və digər düyü növləri özünəməxsus dadı, keyfiyyəti ilə seçilmiş və keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilmişdir. Lakin sonradan bu sahə tamamilə unudulmuşdur. Aqrar sektora olan dövlət dəstəyindən ruhlanan sakinlərimiz yenidən bu gəlirli sahə ilə məşğul olmağa başlamışlar. Bu il qabaqcıl texnologiyanın tətbiqi nəticəsində çəltik əkini 526,5 hektara çatdırılmış və burada çalışan işçilərin sayı 1068 nəfər olmuşdur. Növbəti illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması və toxumçuluq təsərrüfatının yaradılması nəzərdə tutulur.
İH başçısı bildirib ki, çəltiyin istehsalı üçün rayonda illik emal gücü 7 min ton, düyü qurutma gücü 10 min ton olan yeni zavod tikilib: "Lənkəranda istehsal edilən düyü daha keyfiyyətli olduğu üçün onun alıcısı çoxdur və satışı üçün kifayət qədər bazar var. Gələcəkdə daxili tələbatı ödədikdən sonra artıq qalan məhsulu xarici bazarlara çıxarmaq nəzərdə tutulur.
Cənab Prezident, yaranmış imkandan istifadə edərək diqqətinizə çatdırmaq istəyirəm ki, kənd təsərrüfatının, xüsusən də baramaçılığın inkişafına dövlət dəstəyindən ruhlanan sakinlərimizdə də rayonumuz üçün əvvəllər o qədər də ənənəvi olmayan bu sahəyə maraq yaranıb. Əhalinin məşğulluğunu təmin etmək üçün ötən il rayonumuzda ümumilikdə 54 min 700 tut tingi əkilib ki, onların da 40 mini Çindən gətiriləndir. Yeni salınan tut bağlarında olan yem bazası bizə imkan verir ki, növbəti ildə ilkin olaraq 3 ton barama istehsal edək.
Zati-aliləri, Vətənimizin xoşbəxt gələcəyi naminə qarşıya qoyduğunuz vəzifələr şərəfli olduğu qədər də məsuliyyətlidir. Üzərimizə düşən məsuliyyəti dərindən dərk edərək Sizi əmin edirik ki, bu şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsi üçün xalqımızla birlikdə lənkəranlılar da bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. Diqqətinizə görə sağ olun.