Vəzəri ləklərdə yetişdirilən bostan bitkisidir, sürətlə inkişaf etdiyinə görə əkiləndən iki həftə sonra dərib yemək olur. Bəzən onu acı tərə adı ilə də tanıyırlar. Soyuğa davamlı olduğuna görə ilin bütün fəsillərində yetişdirilir. Digər qida maddələri ilə birlikdə və ya salatların tərkibində yeyilir. Quruyanda tərkibindəki faydalı xüsusiyyətləri azaldığına görə onun tək və təzə halda yeyilməsi daha yaxşıdır.
Unikal.org bildirir ki, bitkinin tərkibində olan propsolin qlikozidi dad reseptorlarını qıcıqlandıraraq həzm sisteminin sekresiyasını artırır, iştahanı yaxşılaşdırır, kükürd isə həzmi normalaşdırır. Yüksək miqdarda C vitamini ağızda olan yara və xoraların sağalmasını sürətləndirir. Tərkibindəki kalium və natrium orqanizmdə maye balansını və ürək ritmini tənzimləyir. Kalium və B6 vitamini sinir impulslarının ötürülməsini normalaşdırır, beynin işini və oksigenlə təchizatını yaxşılaşdırır, bir sıra allergik reaksiyaların qarşısını alır. Vəzəri yarpaqlarının tərkibindəki bitki lifləri bağırsaq divarlarını qıcıqlandıraraq peristaltikanı artırır və qəbizlik əleyhinə təsir göstərir. Yarpaqları və toxumları orqanizmdə yağların parçalanmasını sürətləndirərək onların depolaşmasının qarşısını alır.
Tibdə və xalq təbabətində vəzərinin yarpaqları ilə yanaşı toxumlarından da istifadə edilir. Toxumların tərkibindəki doymamış yağ turşularından araxidon və linolen beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, metabolizmi sürətləndirir. Bununla yanaşı anemiyaların qarşısını alır, immun sistemi möhkəmləndirir, qan şəkərini tənzimləyir.
Yarım litr suya 15-16 yarpaq təzə vəzəri əlavə edilir, ağzı bağlı qabda zəif ocaqda 3 dəqiqə qaynadılır, soyudulandan sonra süzülür. Alınan dəmləmə acqarına və yeməkdən 2 saat sonra içilir. Hər gün təzədən dəmlənilmək şərtilə 5 gün qəbul edilir. İkinci və üçüncü gündən sonra bol miqdarda bəlğəm xaric olur və bronxlar açılır. Siqaret çəkənlərdə nikotinin törətdiyi əks təsirləri aradan qaldırmaq və bronxları genişləndirmək üçün istifadə edilir.