Sabahdan ölkənin təhsil işçilərinin konfranslarının keçirilməsinə başlanacaq.
Unikal.org bildirir ki, bu, təhsil naziri Mikayıl Cabbarovun 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə verdiyi əmrdə qeyd edilib.
Əmrə əsasən, 5-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunacaq.
Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin.
Konfransların plenar iclaslarında "2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə ediləcək.
Rayon (şəhər) təhsil şöbələri (idarələri) plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etməlidirlər.
Plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndəriləcək.