Bakıdan rayonlar üzrə marşrutlara gecə saatlarında sərnişin avtobusları hərəkət edir. Gecə saatlarında sərnişin avtobuslarının reysə çıxması təhlükəli ola bilər.
Bakıdan gecə saatlarında rayonlara hərəkət edən sərnişin avtobuslarına hansı qurum nəzarət edir?
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Trend-ə açıqlamasında bildirib ki, təmsil etdiyi qurumun xətti ilə gecə saatlarında şəhərlərarası marşutlar üzrə sərnişin daşınması qadağandır: "Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən gün ərzində rayonlara sonuncu marşrut saat 19:00-da çıxır. 19:00-dan sonra avtovağzaldan şəhərlərarası marşrut avtobusu çıxmır və sərnişin daşınmır. Avtovağzal Kompleksindən yalnız beynəlxalq marşrutların bəziləri gecə saatlarında start götürür. Həmin marşrut avtobusları ən gec 23:30-da avtovağzaldan hərəkət edir".
Y.İsakov qeyd edib ki, gecə saatlarında şəhərlərarası sərnişin daşıyan avtobusların Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinə aidiyyəti yoxdur: "Avtobuslar metronun "20 Yanvar" stansiyasının ətrafı, "Şamaxı yolu" adlanan ərazi və digər yerlərdən işləyir. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi Bakıdan gecə saatlarında həmir ərazilərdən rayonlara hərəkət edən sərnişin avtobuslarına görə məsuliyyət daşımır".
Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, qanunsuz fəaliyyət göstərən mikroavtobuslarla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları və yol patrul xidmətinin inspektorları mütəmadi olaraq tədbirlər görürlər: "Bu tədbirlərdən biri də Bakı-Sumqayıt yolu üzrə qanunsuz hərəkət edən marşrut avtobuslarına qarşı reydlərdir. Tədbirlər nəticəsində qeyri-qanuni daşımaların qarşısı alınıb. Amma buna baxmayaraq, qanunsuz hallara rast gəlinir və bu istiqamətdə tədbirlər davam etdirilir".
K.Əliyev axşam saatlarında Bakıdan rayonlara hərəkət edən marşrutlarla bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, marşrutlar respublika ərazisindəki stasionar postlarda saxlanılır və qanunsuz olduğu halda onlar barəsində tədbir görülür: "Əgər həmin marşrutlar Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən hərəkət edirsə, həmin marşrutlar qanunidir. Avtovağzaldan kənar qanunsuz sərnişin daşıyan avtobuslara gəldikdə isə, onlar aşkar edildikdə bu barədə tədbir görülür".
K.Əliyev bildirib ki, əgər sərnişinlər belə faktlara rast gəlirsə, bu barədə yol polisi əməkdaşlarına məlumat versinlər.