Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki, buna nəzarət eləmək lazımdı: "Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".
M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.