"Azərbaycan bir sıra regionlarda daha böyük təhlükəsizlik çağırışları, siyasi qeyri-sabitlik və irimiqyaslı yerdəyişmələr və misli görünməmiş humanitar böhranlara yol açan bir sıra İƏT üzv dövlətlərində müharibə və silahlı münaqişələrin mövcudluğundan ciddi narahatdır.
Unikal.org xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxışı zamanı deyib.
Nazir bildirib ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Dünyanın bəzi hissələrində İslamın yanlış anlaşılması ilə bağlı vəziyyət İslamofobiyaya qarşı birgə fəaliyyətimizi möhkəmləndirməyə zərurət olduğunu təsdiq edir.
"Biz Fələstin Dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir. 20-21 iyul 2017-ci il tarixində Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb, deyə Elmar Məmmədyarov qeyd edib.
XİN rəhbəri Azərbaycan hökuməti və xalqı adından Təşkilata və üzv dövlətlərə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə münasibətdə göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirib: "Bu təcavüz Azərbaycan torpaqlarının 20 faizinin işğalı və etnik təmizlənmə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Azərbaycan Respublikası bir daha bəyan edir ki, öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Bu xüsusda, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Əlaqələndirmə Qrupu toplantısının 19 sentyabr 2017-ci ildə BMT Baş Qərargahında keçirilmiş iclasının hesabatını yüksək qiymətləndiririk. Ermənistan siyasi-hərbi rəhbərliyinin bəyanatları müharibə ritorikası və substantiv danışıqları boykot etməsi və şərtlər irəli sürməsi münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaya niyyətli olmadığını açıq-aşkar göstərir.
"Fürsətdən istifadə edərək, İƏT Baş katibi Yusif bin Əhməd əl-Useyminə və üzv dövlətlərə "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü, "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik və "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması başlıqlı qətnamələrin, eləcə də İƏT Nazirlər Şurasının 10-11 iyul 2017-ci il tarixində Abicanda keçirilmiş 44-cü iclası çərçivəsində digər sənədlərin qəbulunda ədalətli mövqeyi və dəstəyinə görə bir daha təşəkkürümü bildirirəm, deyə nazir bildirib.