Lvov vilayətinin Mostiskiy rayon məhkəməsi Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilini sərhədi qeyri-qanuni keçməkdə təqsirli bilərək 3 400 qrivna (130 ABŞ dollarına yaxın) məbləğində cərimə edib.
Unikal.org RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu məhkəməyə sədrlik edən hakim Yuri Bilous bəyan edib.
Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti M.Saakaşviliyə qarşı sərhədi qeyri-qanuni keçdiyinə görə iddia qaldırıb. Bu inzibati xəta üçün sanksiya 325 dollara qədər cərimə nəzərdə tutur.
Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb.