Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix" kitabının tacik dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, səfirlikdə keçirilən tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət, incəsənət xadimləri, səfirlər, ali təhsil ocaqlarının rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov akademik Ramiz Mehdiyevin ictimai-siyasi və elmi fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Ramiz Mehdiyevi bu kitabı yazmağa vadar edən ermənilərin yalan ideologiyasını ifşa etmək olub. Adından da göründüyü kimi, təkzibedilməz faktlardan ibarət olan bu kitab müxtəlif ölkələrin arxiv materiallarına əsasən yazılıb.

Təqdimat mərasimində "Erməni terrorizmi" filmi rus və ingilis dillərində nümayiş etdirilib.

Səfirliyin foyesində bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda ermənilərin növbəti təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin fotoşəkillərindən ibarət sərgi də təşkil edilib.