Heydər Əliyev Fondunun dəstəyi ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar həftə sonunu maraqlı istirahət proqramında keçiriblər.
Bakının Nizami, Suraxanı və Xətai rayonlarındakı 1,2,3 saylı uşaq evlərinin sakinləri, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 saylı xüsusi internat məktəbinin, Mərdəkan qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbinin, Sabunçu rayonundakı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı xüsusi internat məktəbinin sagirdləri və daun sindromlu uşaqlar "İntersirkin təqdimatında "Forsaj şou beynəlxalq sirk proqramını izləyiblər.
Sentyabrın 29-dan etibarən Heydər Əliyev adına İdman və Konsert Kompleksində təqdim olunan "Forsaj şou beynəlxalq sirk proqramında Azərbaycan, Rusiya, Ukrayna, Belarus, İtaliya, Venesuela, Kolumbiya və Çilidən olan tanınmş sirk ustalarının maraqlı çıxışları yer alıb.
Uşaq evinin 400-dən çox sakinləri motokaskadyorların ekstremal motosikl şoularını, "Sürücü ayılar attraksionunu, "Cəsarət çəmbəri, "Havada uçuş nomrələrini, "Süvari atlı-akrobat qrupunun çıxışlarını böyük maraqla izləyiblər.
Nüfuzlu sirk festivallarının qaliblərinin həyəcan dolu nömrələri, dünyanın məşhur klounlarından biri, Monte-Karlo festivalında "Qızıl kloun mükafatına layiq görülmüş Devid Lariblenin çıxışı uşaqlarda gözəl təəssürat yaradıb.