Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti stabilləşib.
Unikal.org xəbər verir kİ, bu barədə APA-ya açıqlamasında Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl xalq artistinin vəziyyəti qəfil pisləşib: "Əməliyyat çox çətin əməliyyat olduğu üçün həkimlər deyir ki, bu cür fəsadlar gözləniləndir. Almaniyaya aparmaq istəyirdilər, sonra dedilər, bu vəziyyətdə yola çıxmaq təhlükəlidir. Ona görə də Almaniyadan həkim dəvət olundu, müayinə və müalicə işləri Bakıda aparıldı. Hazırda reanimasiya şöbəsindədir, ümid edirik, yaxın günlərdə palataya köçürəcəklər.
S. Hüseynova əlavə edib ki, Rafiq Hüseynov səhhəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın nəzarətindədir: "Bizə ən yüksək səviyyədə diqqət var, müalicə ilə bağlı heç bir problemlə üzləşmirik. Səhiyyə naziri də baş çəkdi, vəziyyətimizlə maraqlandı. Həkimlər əllərindən gələni edirlər ki, hər şey yaxşı olsun. Artıq İstanbula getmək planımız yoxdur, bütün müalicələr Bakıda aparılacaq.
Qeyd edək ki, Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir.