10-cu sinif "Ümumi tarix dərsliyinin rusca versiyasında verilmiş qalmaqallı xəritə ilə bağlı Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tarix Problemləri üzrə Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, akademik Şahin Mustafayev münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında bildirib ki, bu məsələdən mətbuat vasitəsi ilə tanışdır:
"Mən bu məsələ ilə bağlı mətbuatdan tanış oldum. Orada görünür ki, dərslikdə xəritələr düz verilməyib. Burada bizim tarixşünaslığımızın konsepsiyasına uyğun olmayan hansısa bir məqam var. Dərsliklərdə problemlər yaranırsa, hesab edirəm ki, bunun ərsəyə gəlməsi üçün daha geniş elmi mühitə, alimlər arasında daha ciddi müzakirəyə ehtiyac var. Sözügedən dərsliklər təsdiq edilməmişdən əvvəl Təhsil Nazirliyinin ekspertlər Şurası tərəfindən baxılır. Fikrimcə, sözügedən dərsliklər daha ciddi şəkildə elmi müzakirəyə verilsəydi, bəlkə də problemlərin böyük hissəsinin qarşısı alınardı. Hesab edirəm ki, AMEA-nın tarixçiləri də dərsliklərin müzakirəsinə cəlb edilsəydi, bu işin xeyrinə olardı. Səhvlər az olardı, ya da heç olmazdı.
Hazırda bizim Şura tarix dissertasiyaları mövzularının müzakirəsi ilə məşğuldur. Əsas məsələ bu mövzularda təkrarçılığa yol verilməməsidir. Bizim səlahiyyətlərimiz nisbətən məhduddur. Yəni, bizim dərsliklərə qarışmaq səlahiyyətimiz yoxdur. Problemlərin olması onu göstərir ki, dərsliklərin hazırlanmasında geniş müzakirəyə ehtiyac var. O mənada ki, daha çox müzakirə edilsə, daha çox mütəxəssislər cəlb edilsəydi, hesab edirəm ki, bu, işin xeyrinə olardı.
Şahin Mustafayev onu da qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən təmsil etdiyi quruma dərsliklərin hazırlanması ilə bağlı he, vaxt təklif gəlməyib:
"Təklif olarsa, təbii ki, qəbul edərik. Hər halda, bizim problem Şurasının üzvləri Azərbaycanda tarix sahəsində ən tanınmış və bilikli mütəxəssislərdir. Fikrimcə, tarix dərsliklərin hazırlanmasında bizim də fikrimiz olsa, yaxşı olar.