Oktyabrın 14-də bıçaqlanan Müşfiq Mədətov hələ də polisin nəzarətindədir.
Unikal.org "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, saxlanılaraq Səbail Rayon Polis İdarəsinə yerləşdirilən M.Mədətov artıq 2 gündür ki, oradadır. Onun sərbəst buraxılacağı yaxud hansısı əməlinə görə ittiham edilərək məhkəməyə çıxarılacağı bəlli deyil.
M. Mədətovu bıçaqlayanlara qarşı keçirilən əməliyyat zamanı rəis müavini, polis polkovniki Orxan Axundzadəni güllələyən şəxslərin olduğu 90-LT-997 dövlət nömrə nişanlı "Lexus markalı maşının sahibinin kimliyi məlum olub. Belə ki, avtomobil Rüfət Azad oğlu Abdullayevə məxsudur. Etibarnamə ilə isə Emin Həsənov idarə edib. Sözügüdən şəxs Mədətova və rəis müavininə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.
Bu arada qeyd edək ki, Rüfət Abdullayevin atası Azad Abdullayev tanınmış biznesmendir. Mediada "Hafka"nın ortağı kimi təqdim olunan Abdullayevlə bağlı dəfələrlə məlumat yayımlanıb.
Sonuncu dəfə iş adamı oğlu Rüfət Abdullayevin "Maseratisinin yanması ilə gündəmə gəlmişdi.
Xatırladaq ki, M.Mədətovu bıçaqlayan şəxslərin tutulması üçün əməliyyat keçirilən zaman şübhəli şəxslər Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Daha sonra keçirilən geniş əməliyyat zamanı, Mədətovu bıçaqlayıb polisi güllələyən 3 nəfər - Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.
Onlar xuliqanlıqda, adam öldürməyə cəhddə və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham edilirlər.