Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 
DİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb.

 
Araşdırmalarla onun İran İslam Respublikasının vətəndaşı Fərəməz Musapur olduğu müəyyən edilib.

Əlindəki çantaya baxış zamanı oradan 9 bağlamada olan, ümumi çəkisi 22 kiloqramdan artıq tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.