Unikal.org "Maşın şounun qalibi Talıb Talenin lent.az-a olan müsahibəsini təqdim edir.

- "Maşın şounun qalibi olmaq necə bir hissdir?

- Yarışmayla real həyat fərqlidir. "Maşında ab-hava tam fərqli idi. Yarışdan çıxandan sonra dünən mağazaya getmək istədim, amma yarı yoldan qayıtdım. Çünki insanların çox böyük diqqətini hiss elədim. Çünki yarışma boyu telefondan istifadə etməyə icazə vermirdilər. Ona görə də tamaşaçı sevgisini hiss eləmirdim. Digər iştirakçılardan bəziləri gizli telefon işlədirdilər, amma əllərindən aldılar.

- Bəs sizin yarışda favoritiniz kim idi?

- İnanırdım ki, İlkin Misgərli ilə aparıcı Vüsalə Əlizadə finala qədər gələ bilər.

- Yarış zamanı sizin oyun üslubunuz bir çoxlarının ürəyincə deyildi. Hətta Mehriban Xanlarova "Show time verilişində bildirdi ki, Talıb qorxa-qorxa oynayırdı...

- Əslində orda qorxmayaraq oynayan mən idim. Çünki mən yatırdım, durub idman edirdim. Heç nədən xəbərim olmurdu. Amma sən demə, gecə iştirakçılar bir araya gəlib müzakirələr qururmuş. Çünki səhər-səhər gələndə hamı bilirdi ki, plan nədir. Bir tək mən bilmirdim. Ona görə də veriliş başlayan zaman məcbur olub soruşurdum ki, hədəf mənəm, yoxsa başqası.

- Quruplaşmada var idiz?

- Ola bilər ki, orada rəğbətim olan insanlar olub. Amma heç bir qruplaşmada yox idim. Məni öz qruplarına çəkmək istəyənlər də oldu. Mən getmədim.

- Talıb Taleni "Maşın şouda SMS baxımından dəstəkləyən xüsusi imkanlı şəxslər var idi?

- Məni yarışma zamanı tanıyıb dəstək olan insanlar olub. Amma yarışdan öncə heç bir imkanlı və ya vəzifəli şəxs arxamda dayanmamışdı. Belə bir plan qurulmamışdı.

- Müsahibəmizə başlamadan öncə söylədiniz ki, sizə heç yerdə demədiyim bir xəbəri deyəcəm. Bəlkə açıqlayasız?

- Demək, yarışmaya gələn gündən telefon işlətmirdik. Qalib olan zaman telefonumu gətirdilər, atamla danışdım, daha sonra telefonum oğurlandı. Atamla danışandan sonra telefonum yox oldu, indi də axtarılır, amma tapılmır.

- Bəs orada kameralar yox idi?

- İndi kameralara baxılır, araşdırılır. Amma öncədən demək istəyirəm ki, məni gözdən salmaq üçün telefonumda olan şeyləri yaya bilərlər. Amma fikirləşirəm ki, telefonumda elə bir gizli işim yoxdur. Yəni mənə aid gizli yazışmalar, başqa nələrsə yoxdur. Kodda olan telefondur. Düşünürəm ki, bu hadisə məqsədyönlü olub.

- Yarışma ərəfəsində atanızın yaşadığı evə getdilər. Bu, efirdə yayımlanandan sonra bir çoxları sizi qınadı ki, atası şəraitsiz evdə qalır...

- Dünən axşam maşınımı götürdüm. Sabah planımda var ki, atamın yanına gedim. Ora gedəndən sonra isə hər şeyin açıqlamasını verəcəm.

- Olmaz ki, elə indi açıqlamanı verəsiz?

- Açıqlayım da... Məni izləyənlər görürdü ki, bu yay atamın sağlamlıq durumu heç yerində deyildi. Onun yaşaması üçün əlimdən gələni elədim. Həmin məbləğə bir maşın da ala bilərdim. Atamın bir çox xəstəlikləri var idi. İlk öncə xərçəng diaqnozu qoyuldu. İndi böyrək çatışmazlığından əziyyət çəkir. Dializ xəstəsidir. Mənim bu il əlimə pul gəlməyə başladı. Amma ona qədər maddi baxımdan çox əziyyətlər çəkdim. Bütün bunları heç kimə bildirməmişəm, işləmişəm, atamı müalicə elətdirmişəm. Bunu ilk dəfədir ki, sizdə açıqlayıram. Amma öz içimdə hiss edirdim ki, bu qədər işləməyimin müqabilində Allah mənə bir işıq yolu açacaq. Atamı xilas edə bildim, çox təəssüf ki, anamı xilas edə bilmədim. 2010-cu ilə xərçəng xəstəliyindən dünyasını dəyişdi.

- Bəs atanızın xəstəliyi ilə bağlı həkimlər nə deyirlər?

- Dializ xəstəsidir. Bu, ölüm-dirim məsələsidir. Həftədə 3 dəfə dializ olunur. Xüsusi adamlar onu həkimə aparıb-gətirirlər. Atamın evini də təmir etdirmək istəyirdim, qoymadı. Dedi ki, mənə ev söz veriblər. Amma kimin söz verdiyini demədi. Hətta bu məsələnin üstündə atamla böyük mübahisəmiz də oldu. İstəyirdim ki, atam Bakıda yanımda qalsın, istəmədi. Dedi ki, mənə rayon rahatdı. Buna görə də kimsə kənardan məni qınaya bilər... Amma mən istəmirdim ki, atamın yaşadığı evin çöl görüntüsünü göstərsinlər. Amma çəkdilər, o görüntünü kənardan görəndə çox pis oldum, rəngim də qızardı. Hətta mən sənət yoldaşlarımla rayona gedəndə onları atamın yaşadığı evə apara bilmirdim. Təmir etdirmək istəyirdim, atam qoymurdu ki, ona ev söz veriblər.

- Bəs sizin Bakıda şəxsi eviniz varmı?

- Bəli, var.

- Qazandığınız maşını gələcəkdə satmaq fikriniz var?

- Bilirsiniz, bu maşının dəyəri mənim üçün çoxdur. Bəziləri deyir kİ, bunu sat, üstünə pul qoy, daha bahalısını al. Bu günə qədər maşın da ala bilərdim, amma bundan daha vacib işlərim var idi. Atamı müalicə etdirməli idim. Klip çəkdirmək üçün avadanlıqlar almışam, gələcəkdə kliplər çəkdirmək fikrim var. Çünki mən efirlərə güvənmirdim. "Youtubea yükləmək üçün kliplər çəkdirmək istəyirdim.

- Gələcəkdə pul lazım olsa, maşını satarsız?

- Ola bilər ki, gələcəkdə bunu satım. Amma mən dəb-dəbəyə meyl edən adam deyiləm.

- İfa etdiyiniz janrı hər kəs bəyənmir. Deyirlər ki, bayağı janrda oxuyursuz.

- Çox insanların yanlış təsəvvürü var. Onlar da yaradıcılığıma tam bələd olmayan insanlardır. Bir neçə mahnımı kommersiya tərəfdən düşünüb oxumuşam. Çünki pul qazanmaq üçün bu cür mahnılar da oxuyuram. Yeri gəlsə, mən klassik mahnılar da ifa etmişəm.

- Maşını qazanmaqla nəyi sübut edə bildiz?

- İzləyicilərimin yalan olmadığını sübut etdim. Bəzi insanlar deyirdi ki, baxış sayını yalandan artırıb.


-Çoxları deyir ki,"Maşın şou tanınmışların gerçək üzünü ortaya qoyur. Bu "Maşın"da kimin əsl üzünü tanıdız?

- Hamının. Hər bir insanın yaxşı və pis xüsusiyyəti var. Amma baxır kimdə nə qədər büruzə verdi.

- Bu gün mətbuatda belə bir yazı dərc olunmuşdu ki, müğənni Xatun Əliyeva 5 min manat müqabilində əlini maşından götürüb. Belə bir şey olub?

- Xeyr, bu yalandı. Ümumiyyətlə, bu 5 min söhbətini aktyor İlkin Misgərli gedib açıqlayıb. Mən bir tək ona demişdim. Demişdim ki, İlkin, əgər sən mənlə finala qalsan, yorulub, əlini maşından çəkəsi olsan, sənə 5 min verəcəm. Bunu da vicdan xatirinə edəcəkdim. Çünki demişdi ki, evdə 300-400 manat pul qoyub gəlib. Bir sözlə, bu sözü mən ona söylədim, o da gedib Xatuna demişdi. Xatun da gördü ki, yorulub, dayana bilmir, dedi ki, o İlkinə dediyin 5 min qüvvədədi? Dedim ki, yox.

- "Maşın şouya qədər bütün telekanallarda qadağada idiniz?

- Efirdə olmağım üçün məndən pul istəyirdilər. Mən də deyirdim ki, sizə pul verməyəcəm. Həmin pulu kliplərimə xərclədim və nəticəsini də gördüm.

- Saytlar qalibin adını 2 gün öncə yazmışdılar. İddia olunurdu ki, reklamlara görə 2 gün vaxt uzadıldı...

- O, sadəcə mülahizələr idi. Xatun əlini maşından 2-ci gün səhər götürmüşdü.

- Nə zaman ailə qurmaq niyyətindəsiz?

-Evlənmək istəyirəm. Ən əsası namizəd məsələsidir. Qismətim hələ qarşıma çıxmayıb. Yəqin çıxar. Bu barədə tam ciddi fikirləşə bilmirdim. İndi artıq ciddi düşünürəm. Niyyətin hara, mənzilin də ora.