Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı uzun müddətdir davam edir.
Unikal.org Axşam.az-a istinadən məlumatına görə, sənətçi K.Həsənlinin ondan 110 min dollar aldığını və illərdir geri qaytarmadığını bildirib. S.Piriyev məhkəməyə müraciət edib və K.Həsənliyə qarşı cinayət işi açılıb.
Kamran Həsənli iddiaları uzun müddət cavabsız qoysa da, bu dəfə susqunluğunu pozub. O, saytımıza açıqlamasında müğənninin onun əleyhinə verdiyi açıqlamalara münasibət bildirib:
"İki ildir Samir bu haqda danışır. Məhkəmənin heç bir qərarı yoxdur, iş polisdədir. Təhqirlər hələ də davam edir. Artıq mənim də danışmağım lazımdır. Burada bir çox yalanlar ortaya atılıb. Birincisi, Samirin bütün yalanları üzə çıxıb. İlk ərizəsində polisi aldadıb. Yazıb ki, mən Kamrana pul verdim, amma getdim gördüm ki, Türkiyədə obyekt yoxdur. Bunu guya aldatmışam. İstintaq zamanı ortaya çıxdı ki, obyekt var və Samir dəfələrlə orada olub, sahibi ilə də görüşüb. Pasportu yoxlanıldı və ölkəyə girişi-çıxışı görüldü. Özü də avtomobillə gedib-gəlib. Pulu da orada özü aparıb verib.
250 min verməli idi, 115 min verib. Ərhan Yılmaz adlı adama verib pulu və bizlə şərik olub. Mən də orada şərikəm, 300 min avrom batıb, türkün isə 3 milyonu... Özü dələduzluq edib, polisi aldadıb.
Deyir ki, ona 15 min pul qaytarmışam. Pulu mən yox, Ərhan Yılmaz qaytarıb. Ərizəsində əvvəl yazıb ki, 80 min pulu burada maşında mənə verib. İkinci dəfə ərizə yazıb ki, guya çay evində ondan pul almışam. İkinci yalanı da budur.
Deyir Ərhan Yılmazı Türkiyədə həbs ediblər. Əksinə, Ərhan bezib özü Bakıya gəldi, polis idarəsində Samirlə üzləşdi. Dedi ki, Samir 115 mini Türkiyədə ona verib və Ərhanın sahib olduğu petrol şirkətinə yatırıb.
Ərhanın ifadəsindən sonra bu gülməli istintaq işi bağlanmalı idi. Çox gülməli bir prosesdir. Bu mülkü işdir, cinayət deyil. Amma Samir müstəntiqlə əlbir olub, işi uzadır. Samir Ərhan Bakıya gələndən sonra iş bağlandığını görüb, yeni şahid tapıb. İddia edir ki, çay evində mənə pul verəndə bərbəri də yanında olub. Sabah manikür ustası, masaj edəni də tapıb gətirər, şahid kimi göstərər.
2009-cu ildə çay evində çalışan şəxsi tapıb gətimişik. Deyir, otaqda pul vermişik. Amma ortaya çıxdı ki, özünün dediyi çay evində heç otaq yoxdur. Elariz Məmmədoğlu da işin içində idi, ifadə verdi. O da bizə şərik olmaq istəyirdi. Amma pulu bir il sonra gətirdi, dedim şirkət batır, vermə. Əgər mən dələduz olsaydım Elarizin də pulunu alardım.
2009-cu ildə hadisə olub, niyə Samir 2016-cı ildə şikayət edib? Gedib obyekt görməyibsə, elə gəlib verərdi polisə də. Düşünür ki, Kamranı şikayət etsəm, qaça-qaça pulu gətirəcək. Bəs, mən itirdiyim 300 mini kimdən alım? Bu, biznesdir, pulu batırdıq. Burada itirərlər də, qazanarlar da. Qazansaydı, Samir gəlirindən mənə xeyir verəcəkdi?".
K.Həsənli bildirib ki, mətbuat konfransı keçirəcək və orada bütün sualları cavablandıracaq:
"Həftənin çərşənbə axşamı saat 12:00-da Nizami Kino Mərkəzində mətbuat konfransı edəcəm. Samirlə bağlı şok açıqlama verəcəm. Onun işi ora-bura ərizə yazmaqdır, insanları şərləməkdir.
Bu qədər yalandan sonra iş hələ də bağlanmırsa, demək müstəntiq onun adamıdır, mənim yox".
Şoumen S.Piriyevin onu müxalifətçi olmaqda günahlandırmsına da cavab verib:
"Rəzil sözlər danışır. Guya mən müxalifətçiyəm. Bilmirəm, bunun pulla nə aidiyyatı var? Səbr kasamı daşırmasın. Milliyətçi biriyəm. Mən dövlət, müstəqillik uğrunda sovet imperiyasına qarşı vuruşanda Samir iməkləyirdi. Məni hamı tanıyır. Heç kimin bir qəpiyinə göz dikməmişəm. 90-cı illərin əvvəllərində mən sovet imperiyasına qarşı müstəqilik uğrunda küçədə savaşan olmuşam. 1990-cı ilin 20 Yanvar hadisələrində azadlığım uğrunda vuruşanda sovet imperiyası tərəfindən həbs edilmişəm".
Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.